Veteran futbolçu: AFFA-nı bu günə Elxan Məmmədov salıb – o, dəllal, dələduz və arsızdır

Azərbaycan futbolunun tanınmış veteranlarından olan Asəf Namazov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o hazırda AFFA həmkarlar təşkilatının idarə heyətinin üzvüdür. Ürəyini rekord.az-a boşaldal mütəxəssis assosiyasiyanın baş katibi Elxan Məmmədovu sərt tənqid edib.

– Asəf müəllim, Azərbaycan futbolunun hazırkı durumu kənardan necə görünür?
– 8 komandalı Bakı çempionatı necə görünəcək? Bir müddət bundan qabaq bu haqda demişdim, yenə təkrar edirəm. Tovuz və Gəncədə futbol olmayana qədər Azərbaycan futbolundakı  inkişafdan danışmağın mənası yoxdur. Bunu deyən  insanlar futboldan uzaq adamlardı və nağıl danışırlar. Bizdə isə nağıl danışanı xoşlayırlar, düz danışanı xoşlamırlar. Bizim futbolun iki dövrü var: sovet dövrü və müstəqillik dövrü. Allah Fuad Musayevə rəhmət eləsin. O, futbol üçün çox işlər görüb. Baxmayaraq ki, mənimlə münasibəti yaxşı deyildi və məni işləməyə qoymamışdı. Təəssüf ki, onun gedişindən sonra futbolumuz ildən-ilə geriləyir. Hazırkı baş katib Elxan Məmədovun gəlişindən sonra futbolumuz lap “ölüb”. Sizə bir misal çəkim. Hələ Berti Foqtsun vaxtında mən milli komanda üçün Təbrizdən azərbaycanlı futbolçular gətirmək istəyirdim. Gətirmişdim də. Amma Bernhard Lippert deyilən bir adam var, həmin adam həmin futbolçuları bəyənməmişdi. Həmin dönəm milli komanda İrana gedəndə mən də getmişdim. O vaxt Foqtsun köməkçisi işləyən məşqçi var idi hansı ki, bir vaxtlar İranda da işləmişdi. Mən ona dedim ki, sizin bu Lippertin nəzəriyyəsi var, amma praktikadan xəbəri yoxdur. Həmin sözümü o dəqiqə aparıb qoymuşdular Foqtsun ovcuna ki, bunların yerli məşqçisi bizləri pisləyir. Yığıncaq olmuşdu, həmin almanlar da orda idi, Elxan Məmmədov da. Orada bu söhbət açıldı və mən dedim ki,  futboçu gətirdim hansı ki, yoxlama oyununda iki dəfə təkbətək çıxdı, bir dəfə penalti qazandı, amma sizin məşqçi onu bəyənmədi. Foqts qayıtdı ki, hansı futbolçudur gətir, mən özüm baxacam. Gətirdim Foqts baxdı və bəyəndi, dedi ki, götürün bunu milliyə. Getdim İrandan sənədlərini gətirdim ki, müqavilə bağlansın, gəldim gördüm transfer pəncərəsi bağlanıb futbolçu da qalıb havada. Məni o vaxt millidə işləməyə qoymadılar, amma Elxan Məmmədov həmin Lipperti 10 ildir saxlayıb burda. AFFA-nın bu günə düşməyində də baş katibin böyük “əməyi” var. Dəllaldır bu. Bir kişi ki, “olveys” satıb, üzünə tüpür pul ver, qəbul edəcək. Arsız adamdır. İndi təzə xorvat məşqçi gətiriblər, ilinə 850 min avro pul verirlər. Daha əvvəl Foqtsa ilinə 1.2 milyon dollar verirdilər, neylədi? Heç nə. Pulu yığdı, çıxdı getdi. Ekrana çıxıb gülürdü. Deyirdi ki, ağlamalıyam? Budur  bunların gətirdiyi məşqçi. Prosineçki qaçdı. Çünki gördü ki, burda “otkat” gedir.  Məşqçini gətirib faizini alırlar. Dediyim kimi, indiki məşqçiyə ilinə 850 min dollar verirlər. Nəyə görə, sonuncu yerə görə? Bunlar hamısı baş katibin fırıldaqlarıdır. Çünki “moşennik”di. Lap  belə də yazın mənim adımdan.  Bunun şəxsiyyəti yoxdur.

– Maraqlıdır ki, bu dəqiqə kimi dindirsən, hansı futbol azarkeşinə yaxınlaşsan, siz deyən fikirləri deyəcək. Hər kəsin bu qədər narazı olduğu bir adama niyə bu qədər səlahiyyətlər verilib, niyə bu adama heç kim toxuna bilmir?
– Bu dəqiqə deyim. Bu adam hər yerdə deyir ki, mənim qardaşım Mehriban Əliyevanın yanında işləyir. Hamını, o cümlədən də AFFA-nı bununla qorxudur. Qardaşın Mehriban xanımın yanında işləyir, lap yaxşı. Mehriban xanım sənə demir ki, get futbolu dağıt. Bu yaxınlarda bir veteran futbolçunun hüzrü oldu və ora ümumilikdə cəmi 800 manat pul verdilər.  Zabrodin var idi, Banişevskidən əvvəlki dövrdə milli komandada oynamışdı. Sonra Bəxtiyar Qulamov. “Neftçi”də can qoymuş futbolçu olub. Onların dəfninə hansı münasibət oldu? Azərbaycan futbolunda iz qoymuş insanın hüzrünə cəmi 800 manat pul verdilər, amma hansısa xorvata ilinə 850 min  avro verirlər. Əbdülqəni Nurməmmədovla, Səmədağa Şıxlarova təqaüd verilmir. Niyə vermirsiniz? Ümumiyyətlə hansı veteranlara təqaüd verilir, o siyahını niyə heç vaxt ortaya qoymurlar? Özlərindən limit qoyublar, 63 yaş. Elə veteran var ki heç 60 yaşa gedib çatmır. Görün nə qədər veteranımızı o yaşa çatmadan  itirmişik: Semiqlazov, Bruxti, Stekolnikov, Bəxtiyar Qulamov, Rəşid Özbəyov, Aliko Səfərov, Ələddin Ələkbərov, Şamo və s.  Bu yaş hədini elə 50-55, niyə eləmirsən?Veteranlara görə, AFFA-nın büdcəsindən hər il 200 min manat vəsait ayrılır, hara gedir bu pullar? Bu gün veteran futbolçular AFFA-yaxın buraxılmır, onlara iş verilmir. Təsəvvür edin, 70-ə yaxın ştatı olan AFFA-da 5 nəfər peşəkar futbol adamı ola, ya olmaya. Niyə? Veteranların çoxu üzlü olmur. Nə var ürəyinə salır. Ona görə də tez gedirlər. Hamı Kazbek Tuayev kimi arsız deyil ki, 80 yaşında da kresloda otura.

– Azərbaycan futbolunda tüğyan edən milliləşdirmə siyasətinin də başında Elxan Məmmədovun durduğu deyilir. Yəqin ki məlumatınız var, kənardan qeyri-azərbaycanlıları gətirib ən qısa zamanda millişəşdirib Azərbaycan pasportu verirlər, sonra da azərbaycanlı kimi milliyə “sırıyırlar”…
– Özünü iş görürmüş kimi göstərmək istəyir. Hansı ki, futbolu öldürüb. Yanına yığdığı dost-tanışı da futbola təsadüf nəticəsində gəlib düşən insanlardı.  Bir ara limitə 8 legioner salmışdılar. İcraiyyə komitəsində oturan futbol veteranları niyə səsini çıxarmadı? Hamısı ağzına su alıb durmuşdu.

– Siz onun tərəfdarısınız ki, klublarda legionerlərin sayı az olmalıydı?
– Əlbəttə. Guya çox olub neyləyiblər ki? “Qarabağ” istisna olmaqla. “Qarabağ”, ümumiyyətlə, Azərbaycan futbolunda müstəqil ada kimidir. O klubu bu işlərə qatmayaq. Qalanları nə istəyir, onu da eləyir. Hamısı futboldan uzaq işlərlə məşğuldur.

– Həmin klubların da böyük əksəriyyəti AFFA-nın klubları sayılır. Bəlkə hər şey bununla bağlıdır?
– Bəli. Məhz bu cür sistem qurublar. Dünyanın heç bir yerində belə sistem yoxdur. 2005-15-ci il futbolin inkişafı ilə bağlı dövlət proqramı qəbul olundu və bu proqram müddətində dövlət futbola 1 milyarddan çox vəsait ayırdı. Bu pulları dağıtmaq, yemək üçün xaricdən məşqçilər gətirməlisən. Bu işləri də baş katib yaxşı bacarır. İngilsi dilini də bilir. Rövnəq Abdullayev heç vaxt bu işlərə qarışmaz. Sadəcə, Rövnəq müəllim bu adama inanır. Bu isə fırıldaqdı, yalan danışır. İşi ancaq aldatmaqdır. Gah Afrikaya gedirlər, gah Asiyaya. Nə var-nə var reytinqimiz qalxısn. Kimə lazımdır belə reytinq? Qurbanı millidən niyə qaçırtdılar? Çünki Qurban olsaydı, Bəhreynə getməzdi. Ona görə Elxana belə adam sərf eləmirdi. Ona elə adam lazımdır ki, dövlətin ayırdığı pulları yeyib dağıda bilsin. Biz onsuz bunun əməlləri ilə bağlı lazımı hər kəsə, hər yerə yazacağıq.  Lippertə ayda 20 min avro verib AFFA-da niyə saxlamısan? İldə 240 min avro eliyir. Nəzərə alsaq ki, bu adam 10 ildir Azərbaycandadır bu müddətdə AFFA ona 2 milyon 400 min avro pul ödəyib. Hansı nəticəsi var? Özünə hörmət edən məşqçi o 20 mini almaz. Çünki onun heç 2 min manatlıq ağlı yoxdur.

– Yəqin məlumatınız var ki, AFFA-nın nəzarətində olan klubların hamısının rəhbəri Elxan Məmmədovun adamlarıdır…
– 1-2 klub prezidenti var, menecer işləyirlər. Hamısı da bunun dostlarıdır. Heç birinin də futboldan anlayışı yoxdur.  Məqsəd də nədir? Klublara ayrılan pulları yemək, dağıtmaq. Bunu üçün klublara öz adamlarını yerləşdirib.

– Hazırda AFFA Həmkarlar İttifaqının idarə heyətinin üzvüsünüz. İlk gündən Nazim Süleymanovun yanındasınız. Sizi bu təşkilata gətirən nə oldu və Nazim Süleymanovun yanında olmağınızın əsas səbəbi nədir?
– Öncə ondan başlayım ki, həmkarlar təşkilatı bütün dünyada var. Bu təşkilat hansısa sahədə çalışan insanların, oradan haqsız yerə işdən kənarlaşdırılan şəxslərin hüquqlarını qorumaq üçündür.  Belə təşkilatın yaranmasında qanunsuz heç nə yoxdur.  Kim ki belə düşünür, o adam bisavaddı. Sizə bir misal çəkim. Hələ sovet vaxtı rəhmətlik Fuad Musayev futbola nə qədər pul xərcləmişdi, amma heç nə alınmamışdı. Çünki etibar elədiyi adamlar onu aldadırdılar. İndi də eyni şeydi. Rövnəq müəllimə informasiya düzgün gedib çatmır.

– Demək ki, bu adamlar həm də dövləti aldadırlar, dövlətə xəyanət edirlər?
– Bəli, aldadırıar. Pul oğurlayırlıar. Baş katib pul oğurlayır.

– Çox maraqlıdır ki, siz deyənləri hər kəs deyir. Böyük əksəriyyət deyir ki,  Elxan Məmmədov Azərbaycan futbolunun düşmənidir. Amma maraqlıdır ki, buna rəğmən bu adamın adı sənədlərdə təmiz çıxır?
– Çünki bu işləri birbaşa özü görmür, kimlərinsə əli ilə görür. Ona görə də bütün klubların başına öz dostlarını qoyub.  Bunu elə yerindən asmaq lazımdır ki, bir də belələri törəməsin. Belə də yazın.

– Veteranlar ittifaqı ilə aranızda yaranan qalmaqal da səngimək bilmir.  Elə bu yaxınlarda Oqtay Abdullayev veteranları başına yığıb mətbuat konfransı keçirdib və Nazim Süleymanovu parçalanma yaratmaqda ittiham edib. Maraqlıdır ki, Kazbek Tuayev də həmin toplantıda olub, Oqtay Abdullayevi dəstəkləyib və təşkilatn haqda xoş olmayan sözlər deyib…
– Əvvəla ondan başlayım ki, Oqtayın yanındakı adamların çoxu işsizdir.  Niyə bizi üz-üzə qoyursunuz? Bir komitədə bir təşkilatda ki, Kazbek Tuayev oturur… Son müsahibəsində nə demişdi? “İt hürər, karvan keçər”?

– Bəli, elə ifadə işlətmişdi…
– Sizcə, özünə hörmət edən, özünə ağsaqqal deyən insan belə söz işlədər? Kazbek ömür boyu Azərbaycan futbolunun düşməni olub. 1972-ci ildə “Neftçi”ni  aşağı liqaya salmışdı. Sonra bizim nəsil gəldi 4 il 1-ci liqada oynamağa məcbur olduq və nəhayət, 4 il sonra komandanı yenidən yüksək liqaya qaytara bildik. Kazbek Tuayev satqın olub. O vaxt tarixi vətəni Orconikidzedən olan dostları ilə əlbir olub oyunları satırdı. Hətta həmin dövrün Bakı qəzetləri də bu haqda yazırdı. “Neftçi”ni aşağı liqaya salandan sonra getdi Orconkizdeyə. 2 aydan sonra ordan da iti qovan kimi qovdular. Ömür boyu yaltaqlıq eləyib.  “Xəzər” Lənkəranda işləyəndə futbolçuların halal pullarını vermirdi. Sənin kimi veteranlar olduğuna görə futbol bu gündədir, ay Kazbek. Ömür boyu Azərbaycanın çörəyini yemisən. Amma özün satqın olmusan. Oqtay Abdullayevə məsləhət verirsən ki, onlara fikir vermə. Yəni bizə.  Bu da sənin səviyyən. Gədə səviyyən. Sən kişi olsaydın, bu sözləri deməzdin. Deyərdin ki, gedin barışın, yaxşı deyil. Azərbaycanın çörəyi sənin burnundan gəlsin. Kişiliyin olsa mənim bu sözlərimə cavab verərsən. Fuad Musayevin üzünə duran adam olmusan.  Bu yaşa gəlib çatmısan, bir komandada iki il işləməmisən. Səninki ancaq odur ki, təriflə, işlərin qabağa getsin.  Bunun sayəsində bütün adları almısan. Əməkdar artistdən başqa. Elxan Məmmədova da sənin kimi kuklalar lazımdır. İt sənsən, sənin nəslindir. Əhməd Ələsgərovu Azərbaycandan siz qaçırtdınız, Ruslan Abdullayevi işləməyə qoymadınız. İndi də oturub Oqtay Abdullayevə fitnə verirsən.  Bir Rusiya çempionumuz var düşmüsünüz onun üstünə. Çünki işin ara vurmaqdır. Nazim Süleymanovun etdikləri ölkənin adını, imicini qaldırıb. Bu adam Osetiyanın fəxri vətəndaşıdır. Onun oynadığı futbolu heç kim oynamayıb.  Amma sən bu cür insana qarşı fitnə ilə məşğulsan. Bu gün-sabah çıxıb gedəcəksən. Sənin məhv etdiyin futbolu biz qaldırmalı olacağıq. Necə ki, 1972-ci ildə bunu elədik.  Bilirsiniz, bu sözləri demək, bu cür danışmaq mənim üçün xoş deyil. Amma görün insanı hansı həddə çatdırırlar ki, adam artıq özünü saxlaya bilmir.

Həmin kateqoriyadan