Vitali Kliçko ölkə başçısına Məhəmməd Əlinin şəxsi imzası olan məhdud nəşrli kitab hədiyyə edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib. Allsport.az saytı xəbər verir ki, dünya şöhrətli boksçu ilə bu yaxınlarda Münxendəki görüşünü xatırlayan dövlətimizin başçısı, onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan cənab prezident, Vitali Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib.

Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Bakıda uzun müddət olmadığını və paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını söyləyib. O, bu səfəri ilə bağlı ölkələrimiz, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb.

Sonra Vitali Kliçko dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində onun şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini hədiyyə olaraq İlham Əliyevə təqdim edib. Qeyd edək ki, dövlətimizin başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin 16-cı nüsxəsidir.

Həmin kateqoriyadan