Voleybol federasiyası son 2 ilin fəaliyyətini müzakirə etdi

Bu gün AVF-nin 2016-2017-ci illərdə fəaliyyətinin hesabat iclası keçirildi. Allsport.az saytı xəbər verir ki, Voleybol Mərkəzində baş tutan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Toplantıda federasiya prezidentinin müşaviri Əbülfəz Hüseynov və maliyyə məsələləri üzrə vitse-prezidenti Vəsilə Abulova məruzə ilə çıxış etdilər. Sonra Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə voleybolçularımızın qazandıqları nailiyyətlərdən, uşaqların idmana cəlb olunması istiqamətində federasiyanın gördüyü məqsədyönlü işlərdən söz açdı. YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu il Cumhuriyyət ili olduğunu xatırlatdı, ölkəmizdə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu dedi.

Son illər voleybolçularımızın uğur qazandığını diqqətə çatdıran AVF prezidenti bildirdi ki, ölkəmizdə idmanın bu növünün inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və prezident İlham Əliyevin tərəfindən bu sahə uğurla inkişaf etdirilir.

Qarşıda yeni hədəflərin olduğunu söyləyən Cavid Qurbanov, yeni zalların istifadəyə verilməsi, yerli mütəxəssislərin yetişdirilməsi və uşaqların cəlb olunması perspektiv planlarda mühüm yer vurğuladı.

Həmin kateqoriyadan