Vüqar Əzimov dünya çempionu oldu

İspaniyanın Benidorm şəhərində döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib. Allsport.az xəbər verir ki, dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan yığma komandasının heyətində bu çempionatda da uğurla çıxış edib.

Dünyanın dörd qitəsini təmsil edən 3 mindən çox idmançı bu çempionatda öz məharətini göstərirdi. 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Vüqar Əzimov kunq-fu sanda idmanı üzrə qızıl medal qazanıb. İtaliyadan, Fransadan və Tunisdən olan rəqiblərini məğlub edərək finala çıxan həmvətənimiz həlledici döyüşdə Tunisin digər nümayəndəsi ilə qarşılaşıb. Rəqib bu döyüşdən imtina edib və nəticədə Vüqar Əzimov texniki qələbə qazanıb.

Beləliklə, Vüqar Əzimov dünya çempionu titulunu qoruyub saxlayıb. Bu il onu daha bir sınaq gözləyir: dekabrın 5-də Polşada keçiriləcək Avropa Kubokunda Vüqar Əzimov yenidən öz gücünü göstərəcək.

Xatırladaq ki, Vüqar Əzimov 10-cu dan və xapki-do üzrə qara kəmər sahibi Süleyman Məmmədlinin yetirməsidir.

Həmin kateqoriyadan