Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılışı keçirilib

Bu gün Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə əvvəlcə görkəmli şahmatçının həyatından bəhs edən videoçarx nümayiş olunub. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək mərhum şahmatçının qazandığı uğurlar barədə məlumat verib, akademiyanın fəaliyyətə başlamasının önəmini yüksək qiymətləndirib.

Onun komanda yoldaşları Qədir Hüseynov və Zeynəb Məmmədyarova mərhum şahmatçı barədə xatirələrini bölüşüb, onun sadiq dost, güclü şahmatçı olduğunu diqqətə çatdırıblar.

Şahmatçının atası Qasım Həşimov ölkəmizdə idmanın bu növünün inkişafına dövlət qayğısını yüksək qiymətləndirib, Vüqarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. O, Vüqarın xatirəsinin yaddaşlarda qalması üçün bundan sonra da müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib.

Sonda Vüqar Həşimovun yaradıcılığından bəhs edən film nümayiş olunub.

Həmin kateqoriyadan