Vüqar Həşimovun xatirə superturniri ilə bağlı təşkilat komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” un təşkilatçılığı ilə 20 aprel – 1 may tarixləri arasında Şəmkir şəhərində üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə beynəlxalq “ShamkirChess-2017” superturniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışla əlaqədar Şəmkirdə təşkilat komitəsi üzvlərinin, Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” rəsmilərinin iştirakı ilə iclas keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov turnirin yüksək səviyyədə təşkil ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Şəmkirdə Vüqar Həşimovun xatirəsinə 4-cü dəfə keçiriləcək beynəlxalq şahmat turnirinin ənənə halını aldığını bildirib. F.Həsənov bu turnirlərin yüksək səviyyədə təşkilində rolu olan bütün dövlət qurumlarına öz dərin təşəkkürünü bildirib.
Turnirin mətbuat xidməti xəbər verir ki, Vüqar Həşimov Memorialının direktoru, Shamkir Chess 2017 Təşkilat Komitəsinin sədri Fərid Hüseynov yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını söyləyib: “Şəmkir şəhəri artıq bütün şahmatçılar üçün doğma məkana çevrilib. Ardıcıl dördüncü dəfə bu gözəl şəhərdə Vüqar Həşimov Memorialı təşkil olunacaq. Əvvəlki illərdə təşkilatçılara dəstək olduqları üçün dövlət qurumlarına təşəkkür edirəm. İnanıram ki, bu il də ShamkirChess 2017-nin yüksək səviyyədə təşkil olunmasına nail olacayıq”.

Təşkilat Komitəsinin üzvləri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Həmin kateqoriyadan