“Xəzri” və “Cəngi” güləş klubları ən güclü oldu

Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr  arasında 1 saylı nümayəndəliyin komanda yarışları keçirilib.  Allsport.az saytı xəbər verir ki, mübarizə 2 yarımqrupda aparılıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda rəqabət aparıb.

Yarışdan əvvəl isə, hakimlər üçün seminar keçirilib. AGF Hakimlər Kollegiyası tərəfindən hakimliyə yeni cəlb edilmiş şəxslərə güləş qaydalarındakı son yeniliklər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Sərbəst güləş yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda “Aran” İK və “Xosrov Cəfərov” GK, finalda isə “Azəri” GK və “Xəzri” GK qarşılaşıb. Yekunda sərbəst güləş üzrə komanda yarışlarının qalibi “Xəzri” Güləş Klubu olub. “Azəri” ikinci, “Xosrov Cəfərov” GK üçüncü yeri tutub.

Yunan-Roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda “Hövsan” GK və “Həyat” GK, finalda isə “Bakı” GK və “Cəngi” GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə komanda yarışlarının qalibi “Cəngi” Güləş Klubu olub. “Bakı”  ikinci, Hövsan” üçüncü olub.

Yarışda ilk üç yeri tutmuş komandalar AGF tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.

Həmin kateqoriyadan