Xose Perurena Lopez: Belə tədbirin uğurla təşkili böyük məsuliyyət və peşəkarlıq tələb edir

“Bu, Azərbaycana üçüncü səfərimdir. İlk dəfə 2011-ci ildə Prezident Kuboku uğrunda beynəlxalq reqata ilə əlaqədar gəlmişdim. Sonra isə “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak etmişdim. İndi isə XXXVI Konqresdə iştirak edirəm”. Allsport.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez deyib. O, qurumun növbəti Konqresinin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib:

“ICF-in konqresləri iki ildən bir keçirilir. Sonuncu konqresdə qərara gəlmişdik ki, növbəti iclası Tunisdə keçirək. Təəssüf ki, Tunisdə terror hücumları baş verdiyindən federasiyanın rəyasət heyəti növbəti konqresi digər ölkədə keçirməyi qərara aldı. Mən Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə danışıqlar apardım. Azərbaycan tərəfinin və ICF-in rəyasət heyətinin razılığı ilə növbəti Konqresi Bakıda keçirməyi qərara aldıq.

Təbii ki, yüzdən çox ölkənin nümayəndəsinin Bakıda yüksək qonaqpərvərliklə qarşılanması və bu mühüm tədbirin uğurla təşkili böyük məsuliyyət və peşəkarlıq tələb edir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəyə malik olduğunu bilirəm. Dünən Rəyasət Heyətinin iclasında da Bakıdakı şəraitdən razılıq ifadə olundu”.

Həmin kateqoriyadan