YAP rəsmisi: Elxan Məmmədov kimdir, nə “matahdır” ki, bunca tənqid qarşısında postundan tərpənmir?

Dini qurumlarla iş üzrə dövlət komitəsi sədrinin 1-ci müavini Səyyad Aran AFFA-nın baş katibi Elxan Məmmədovu tənqid edib. Allsport.az saytı xəbər verir ki, keçmiş baş konsul federasiyada futbolu bilən, bölgə təmsilçilərinə şərait yarada biləcək şəxslərin çalışmalı olduğunu deyib:

“Hər gün mətbuatı yaxından izləyirəm. Demək olar ki, hər gün Elxan Məmmədovun tənqid olunduğunu oxuyuram. Bu adam kimdir, nə “matahdır” ki, bu qədər tənqid qarşısında postundan tərpənmir? Bu sual məni çox düşündürür. Yenə deyirəm, stajlı futbol azarkeşiyəm. Bu gün Bakı birinciliyini xatırladan turniri izləmək mənə də xoş deyil. Futbolun inkişafını istəyiriksə, bölgələrə güc vermək lazımdır”.

“Futbol+” qəzetinin məlumatına görə, YAP nümayəndəsi iş adamlarının futbola sərmayə qoymaqda maraqlı olduqlarını deyib: “Bu gün də belə insanların sayı çoxdur. Ondansa deyin ki, həmin iş adamları bəzi məmurlardan çəkinərək bu addımı atmırlar. İş adamı futbola vəsait yatızdıran kimi, gəlib, çökürlər boğazına ki, bu pulu hardan alıb, futbola sərmayə qoyursan?

Bədbəxtlər daha düşünmürlər ki, bu insanın biznesi var, gecə-gündüz işləyib kapital yığıb və indi də istəyir ki, həmin maliyyədən müəyyən qədər futbola yatırsın. Ancaq buna şərait yaratmırlar. Bəzi məmurlar həmin iş adamını sıxışdırıb öz ciblərini güdürlər. Belə bürokratik əngəllərə görə də heç kim başını ağrıtmaq istəmir. Bunun da nəticəsi kimi Premyer Liqadakı klubların çoxu SOCAR tərəfindən maliyyələşir, bir adamın əlinə baxır”.

Həmin kateqoriyadan