Yaponiya səfiri İlqar Rəhimovla görüşüb

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda qonağa Azərbaycanda paralimpiya hərəkatı və sürətli inkişafı, idmançılarımızın beynəlxalq yarışlardakı uğurları, bu hərəkata dövlət qayğısı, uşaq paralimpiya hərəkatı və idmançıların bərpası, onların məişət şəraitin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə geniş məlumat verilib.

İlqar Rəhimov qeyd edib ki, hazırda komitənin nəzdində 16 idman növü var. Bunlardan 14-ü yay, 2-si qış idman növləridir. O, növbəti yay paralimpiya oyunlarının Yaponiyada keçiriləcəyini xatırladaraq, bu oyunlara ciddi hazırlaşdığını deyib. Tokio-2020-də cüdo, pauerliftinq, taekvondo, atletika, üzgüçülük, güllə atıcılığı, qılınc oynatma və boccia idman növləri üzrə 30 idmançının təmsil edəcəyi proqnozlaşdırılır.

Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katori komitə nümayəndələrini qəbul etməkdən məmnun olduğunu qeyd edib. O, nitqində Yaponiya səfirliyinin dəstəyi ilə ölkəmizdə idman sahəsində də bir sıra layihələrin həyata keçirildiyini bildirmişdir. Belə ki, Gəncə şəhərində cüdo idman zalının Yaponiya səfirliyinin vəsaiti ilə təmir edildiyi və hər il orada “Səfir kuboku” yarışı  keçirildiyi qeyd olunmuşdur. Səfir Teruyuki Katori Azərbaycan milli paralimpiya komitəsi ilə əməkdaşlığa maraqlı olduğunu bildirərək, birgə layihələrin həyata keçiriləcəyinə ümid etdiyini söyləyib. Sonda birgə əməkdaşlıq barədə məsələlər geniş müzakirə olunub.

Həmin kateqoriyadan