Yaşar Seyidov: “Bakı”nın vəziyyəti düşündüyünüzdən də pisdir”

“Bakı” klubundakı maliyyə problemləri artıq heç kimə sirr deyil. Çətinliklərimiz çoxdur. Artıq mətbuatda məni qınayırlar ki, bu çətinlikləri ört-basdır etməklə məşğulam”.

Allsport.az xəbər verir ki, bu sözləri qol.az saytına açıqlamasında “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib. Klub rəsmisi AFFA-nın baş katibi Elxan Məmmədovun bu mövsüm “Bakı”nın çempionatda qala biləcəyinə şübhə etməsi ilə bağlı səsləndirdiyi fikirə də münasibət bildirib:

“Elxan müəllim düz deyir. Vəziyyət düşündüyünüzdən də pisdir. Lakin ümid sonda ölür. Hələ də problemin düzələcəyinə ümid edirik. Sözsüz ki, “Bakı”nın maddi vəziyyətində dəyişiklik olmasa, komandanın çempionatda çıxışını davam etdirməsi sual altında olacaq”.

Seyidov qeyd edib ki, AFFA nəzarəti artırmasa, digər klubları da “Bakı”nın aqibəti gözləyə bilər:

“AFFA bu gün bizə lazım olan köməkliyi göstərir. Amma bu qurumun səlahiyyətləri genişlənməlidir. Son illərdə 17 klubumuz güclülər dəstəsini tərk edib. Klublar Komitəsinin növbəti konfransı üçün məktub hazırlayıram. Orada qeyd etmişəm ki, bu gün Azərbaycan futbolunda böyük boşluqlar var. Buna görə də, AFFA-nın səlahiyyətləri genişlənməlidir. Klublara nəzarət daha da güclənməlidir. Bir çox klubumuzu gələcəkdə çətinliklər gözləyir. Uzun illər Azərbaycan futbolunda olan adam kimi görürəm ki, AFFA klublara nəzarəti artırmasa, çətinliklər daim olacaq. Əgər bu promlemlər həllini tapmasa, yaxın gələcəkdə Azərbaycan futbolunda böyük uğur olmayacaq”.

Həmin kateqoriyadan