Yeni növ üzrə ilk dünya çempionatında 20-ci yer

Azərbaycan kanoe-slalom növündə ilk dəfə dünya çempionatında təmsil olunub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının bu ildən inkişaf etdirməyə başladığı yeni növ üzrə mötəbər yarış ABŞ-ın Merilend ştatının Dip Krik gölündə baş tutub.

Ölkəmiz adından çempionatda Yure Meqliç mübarizə aparıb. 30 yaşlı slalomçu kişilər arasında fərdi kayak növündə çıxış edib. O, seçmə mərhələdə 102,48 saniyə nəticə ilə 74 iştirakçı arasında 27-ci yeri tutub. Qaydalara əsasən, təmsilçimiz 40 ən yaxşı fərdi kayakçı sırasına düşdüyü üçün yarımfinala yüksəlib.

Bu mərhələdə isə Meqliç yürüşü cəriməsiz tamamlasa da, müxtəlif maneələri keçərək, finişə 107,43 saniyəyə çatıb və 20-ci yeri tutub. Amma finala ilk “10-luğ”a düşənlər yüksəliblər. Bu səbəbdən, idmançımız mübarizəni dayandırıb və yekun sıralamada 74 iştirakçı arasında 20-ci yerlə kifayətlənib.

Qeyd edək ki, kanoe-slalom da olimpiya növü sayılır. Hazırda Yay Olimpiya Oyunlarında kişilər və qadınlar fərdi kayak, eləcə də fərdi kanoe növlərində mübarizə aparırlar. Kanoe-slalomçunun gəlişinədək ölkəmizdə akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilirdi.

Həmin kateqoriyadan