Yeniyetmə ağırlıqqaldıranlara məşğələ təşkil olunub

“Zirvə” liseyində yeniyetmə ağırlıqqaldıranların bilik və savadlarının artırılması istiqamətində çalışmalar davam etdirilir. Allsport.az saytı xəbər verir ki, mütəmadi xarakter alan seminarlar da bu qəbildəndir. Fevralın 9-da AAAF Park Yaşayış Kompleksinin konfrans zalında milli komandasının həkimləri Fuad Qasımov və Rizvan Əkbərov Liseydə təhsil alan idmançı-şagirdlərə “İdmanda şəxsi gigiyenanın əhəmiyyəti” haqqında xüsusi dərs keçiblər.

Dərs zamanı mütəxəssislər idmançıların şəxsi gigyenaya diqqət yetirmələrinin sıravi vətəndaşlardan da vacib olduğunu qeyd ediblər. Dişlərin fırçalanması, dırnaqların tutulması, idman-məşq geyimlərinin təmizliyi,yaşadıqları-yatdıqları otaqların səliqəli olmasına diqqət yetirilməsinin mütəmadi şəkildə aparılması hər bir atletin təməl bilgiləri sırasındadır. Məşqdən sonra duş qəbulu, geyimlərdə təmizliyə diqqət, sabundan istifadə və başqa bu kimi məqamlar fərqləndirilib, əhəmiyyəti vurğulanıb. Həkimlər bildiriblər ki, gigiyenaya diqqət etməməklə, idmançıların şəxsi idman nəticələrində geriləmə baş verir ki, bu da onların yarışlarda yüksək nəticə əldə etmələrinə mənfi təsir göstərir.
Seminarda Liseydə təhsil alan atletlər və onların məşqçiləri iştirak ediblər. Diskussiyalar aparılıb, həkimlərimiz müxtəlif sualları cavablandırıb, öz tövsiyələrini veriblər.

Ağırlıqqaldırma yığmasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi humanitar və texniki ilə yanaşı, həm də idman təmayüllüdür. Burada 42 dmançı təhsil alır. Xüsusilə də ağır atletlərə yaradılan şərait qeyd olunmalıdır.
Federasiya kompleksin imkanlarından yaralanaraq buranı mərkəzi baza edib və ilboyu təlim-məşq toplanışında olan idmançıların təhsil baxımından geri qalmaması üçün addımlar atır.Əsas məqsəd liseydə təhsil alan perspektiv idmançıları fiziki, mənəvi və əqli cəhətdən hazırlayaraq milli yığma heyətlərimizin sırasını daha da möhkəmləndirməkdən ibarətdir.

Burada yaşayan, bütün xərcləri ödənilən və maksimum şərait yaradılan bu gənc idmançılar, yüksək səviyyəli təhsil almaq şansı qazanırlar. Ağırlıqqaldıranlara gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, həftədə bir dəfə ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər.
Dərs zamanı onlara bu idman növünün sirləri öyrədilir, onun tarixi və ən əsası dopinq vasitələrinin qəbulunun fəsadları haqqında geniş məlumatlar verilir.

Həmin kateqoriyadan