Yeniyetmə güləşçilərin Avropa çempionatı üçün millimizin heyəti

Avqustun 4-dən 9-dək Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək.

Proqrama əsasən, avqustun 4-5-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Əsgər Məmmədəliyev (42 kq), Röyal Ağamalıyev (46 kq), İslam Bazarqanov (50 kq), Sabutay Əmişov (54 kq), Qadisa Geriya (58 kq), Qurban Qurbanov (63 kq), İsmayıl Abdullayev (69 kq), Emin Nəcəfzadə (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmoyevin (100 kq) mübarizə aparması planlaşdırılır.

Avqustun 6-7-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında 6 qız güləşçimiz – Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova (49 kq), Tatyana Varantsova (52 kq) və Şəbnəm Həmidova (56 kq) çempion adı uğrunda yarışacaq.

Və nəhayət, son 2 yarış günü, yəni avqustun 8-9-da yunan-roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev heyətə Kamran Pənahov (42 kq), Zaur Nuriyev (46 kq), Rəcəbəli Nəsirov (50 kq), Kənan Cəfərov (54 kq), Kamran Mirzəliyev (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Camal Feyziyevi (100 kq) daxil edib.

Beynəxalq dərəcəli hakim Qədi Quliyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan