Yeniyetmə və gənc karateçilərimiz dünya birinciliyinə yollanıb

Yeniyetmə və gənclər ibarət karateçilərimiz oktyabrın 23-dən 27-dək Çilinin paytaxtı Santyaqoda dünya çempionatında iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, kumitedə baş məşqçi Anar Allahverdiyev və qadınlarda baş məşqçisi Denis Morozov, həmçinin katada 1-ci çalışdırıcı Vahid Ayvazov mötəbər yarışda 14 idmançının mübarizə aparmasına üstünlük verib.

Ölkəmizi 14-15 yaşlı yeniyetmələr arasında Ramil Baxşəliyev (52 kq), Rumil Cəfərli (57 kq), 16-17 yaşlı gənclərin yarışında Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq), Namiq Quliyev (+76 kq), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq) və Fidan Dadaşova (48 kq) təmsil edəcəklər.

Hümmət Baxşəliyev (67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (50 kq) 21 yaşadək karateçilərin yarışında qüvvələrini sınayacaqlar. Roman Heydərov bu yaş dərəcəsinin kata yarışlarına qatılacaq.

Yığma komandamız AMKF prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə yola düşüb. Dünya çempionatını idarə edəcək hakimlərin sırasında beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

11-ci dünya birinciliyində 96 ölkədən 1557 karateçi mübarizə aparacaq.

Həmin kateqoriyadan