Yunan-Roma güləş komandamız milli yaylaq festivalını ziyarət edib

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədi ilə ilk dəfə milli yaylaq festivalına keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir Gədəbəy rayonunda baş tutub. Şənlik şərti olaraq mədəni–etnoqrafik, idman oyunları, eko–etnoturizmdən ibarət olub.

Milli yaylaq festivalı günlərində mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunub, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər – dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim edilib. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi olub.

Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçirilib. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərib. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanıb.

Festivalın milli idman oyunları şərti adı ilə keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunub.

Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb. Tədbiri Göygöldə təlim-məşqdə olan yunan-Roma güləş komandamız ziyarət edib. Festivalı canlı olaraq baş məşqçi Şaban Donat, məşqçilər NurəddinHüsaməddin Rəcəbovlar, Avropa çempionatının bürünc medalçısı Taleh Məmmədov, dünya çimərlik oyunlarına vəsiqə qazanmış Oyan Nəzərli, eləcə də Göygöl olimpiya idman kompleksinin direktoru, cüdo üzrə olimpiya mükafatçısı Mövlud Mirəliyev izləyiblər.

Həmin kateqoriyadan