Arazın o tayında yunan-Roma güləşçilərinin Dünya Kuboku başlayır

19-20 fevralda İran İslam Respublikasının paytaxtında yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edəcək. Püşkatmanın nəticəsinə əsasən, bahadırlarımız İran, İsveç və Almaniya komandaları ilə “A” qrupunda mübarizə aparacaq. “B” yarımqrupunda Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayacaqlar.

Dünya Kubokunda iştirak edəcək komandamız artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 12 güləşçimiz heyətdə yer alıb. Yarışlarda ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi – 59 kq), Həsən Əliyev, Kamran Məmmədov (66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov, Şəhriyar Məmmədov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcəklər.

Yarışın proqramına əsasən, fevralın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək. Xatırladaq ki, ötən il keçirilən analoji yarışda “klassiklər”imiz ilk dəfə 3-cü yeri tutmaqla yeni tarix yazmışdılar.

Həmin kateqoriyadan