Yurgen Klopp: Avroliqanın finalının Bakıda keçirilməsi yanlışdır

“Liverpul”un baş məşqçisi Yurgen Klopp avroliqanın finalının Bakıda təşkilinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını deyib və bu məsələdə UEFA-nı günahlandırıb:

“Avropa liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdi. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır”.

Matç.az-ın məlumatına görə, Klopp paytaxtımızla çempionlar liqasının final görüşünün keçiriləcəyi Madrid də müqayisə edib: “Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidi. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiz. Bu ağlasığmazdı. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm”.

Qeyd edək ki, Avropa liqasının finalı mayın 29-da Bakı olimpiya stadionunda “Arsenal”la “Çelsi” arasında olacaq. Kloppun rəhbərlik etdiyi “Liverpul” isə “Vanda Metropolitano”da çempionlar liqasının həlledici görüşündə “Tottenhem”lə qarşılaşacaq.

Həmin kateqoriyadan