“Zirə”də 3 debüt

Topaz premyer liqasının 15-ci turunun “Sabah”la qarşılaşması (0:2) “Zirə”nin üç futbolçusu üçün debütlə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, start heyətində yer alan Bəxtiyar Həsənalızadə, meydana ikinci yarının gedişində daxil olan Mfo Kqasvane və Xulio Sezar Rodriges “Qartallar”ın heyətində ilk oyunlarını keçiriblər.

Zirə idman kompleksinin stadionundakı görüşədək Premyer Liqada 63 futbolçu komandamızın formasını geyinmişdi. Bəxtiyar bu siyahıya 64-cü, Mfo 65-ci, Xulio isə 66-cı kimi düşüb.

Həsənalızadə yerli futbolçu statusu daşıyan 34-cü futbolçudur. Premyer Liqadakı legionerlər siyahısında Kqasvane 31-ci, Rodriges 32-ci olub. Sonuncu klub tarixində Sezar Meza Kollidən sonra 2-ci paraqvaylıdır. Mfo isə nəinki “Zirə”nin, ümumiyyətlə Azərbaycan premyer liqasının tarixinə ilk Botsvana təmsilçisi kimi düşüb.

Kluba gəlincə, Botsvana futbolçusunun heyətimizdə oynadığı 23-cü ölkədir. Bunadək “Zirə”də Albaniya, Braziliya, Fransa, Gürcüstan, Haiti, Niderland, İspaniya, Kamerun, Makedoniya, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Nigeriya, Paraqvay, Portuqaliya, Qana, Rumıniya, Salvador, Serbiya, Trinidad və Tobaqo, Ukraynadan oyunçu çıxış edib.

Həmin kateqoriyadan