“Zirə”nin 1-ci yarımfinalı

Aprelin 23-də Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. “Zirə” “Sumqayıt”la qarşılaşacaq. Tarixində ilk dəfə yarımfinala yüksələn “qartallar” finala vəsiqə uğrunda mübarizə aparacaq. Komandalar arasında ilk oyun Sumqayıtda baş tutacaq.

“Qartallar” indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq. Çempionatda 16 görüşdə “Zirə” böyük üstünlüyə malikdir. 9 qələbəsi olan komandamız 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan komandamızın heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox – hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

“Gənclik şəhəri” təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan “Zirə” top fərqində minimal üstünlüyə sahibdir. 7 qol vuran futbolçularımız 6 top buraxıblar. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan “Zirə” sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki görüşdə isə “qartallar” qol da buraxmayıb.

Həmin kateqoriyadan