“Zirə”nin macarlarla ilk, xarici klublarla 20-ci qarşılaşması

Antalyada olan “Zirə” bu gün Bakı vaxtı ilə 16:00-da 2-ci yoxlama oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, “qartallar” Macarıstanın “Paksi” klubu ilə üz-üzə gələcək. Bu, komandanın adıçəkilən ölkə təmsilçiləri ilə ilk dueli olacaq. “Zirə” indiyədək Macarıstan klubları ilə nə rəsmi, nə də yoxlama oyunlarında görüşüb.

Türkiyədəki toplanışlar çərçivəsində ümumilikdə 20, xarici klublarla 19 dəfə üz-üzə gələn paytaxt təmsilçisi indiyədək 10 ölkədən olan komanda ilə yoxlama oyunu keçirib. Macarıstan bu siyahıda 11-ci ölkə olacaq. Bunadək “Zirə” Gürcüstan, Qazaxıstan, Rumıniya, Almaniya, Qırğızıstan, Bolqarıstan, Kamerun, Rusiya, İran və Qətər təmsilçiləri ilə hazırlıq matçına çıxıb.

“Paksi” ilə qarşılaşma Türkiyədə keçirilən 20-ci beynəlxalq yoldaşlıq görüşüdür. Əvvəlki 19 matçda 8 qələbə qazanan “Qartallar” 4 heç-heçə edib və 7 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən “Zirə” futbolçuları 18 top buraxıb.

1952-ci ildə yaradılan “Paksi”nin ölkə çempionatında ən yaxşı nəticəsi 2010/11 mövsümündə qazanılan gümüş medaldır. Həmin mövsüm komanda Macarıstan Liqa kubokunun qalibi olub. 2009/10 mövsümündə isə bu yarışın final oyununda uduzub. Ötən mövsüm çempionatı 7-ci pillədə başa vuran Paksi şəhərinin eyniadlı təmsilçisi cari birincilikdə qış fasiləsinə 8-ci pillədə yollanıb.

Xatırladaq ki, “Zirə” Antalyadakı ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Voluntari”yə 1:0 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan