“Zirvə” oyunlarında cüdo yarışı yüksək təşkilatçılıqla fərqlənib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları çərçivəsində cüdoçular müvarizə aparıblar. Allsport.az saytı xəbər verir ki, kompleksin mərkəzi yarış zalında 150-yə yaxın idmançı medal mübarizəsinə qoşulub.

Yüksək səviyyəli təşkilatçılıqla seçilən turnirdə “Hədəf” İKİB, 2 saylı RİOEUGİM, “Aura” İK, İOEUGİM Sumqayıt, “İsmayıllı-Zirvə”, “Masallı”, “Neftçi”, “Qəbələ”, “Qobustan”, “Şamaxı”, UGİSM 2 Sumqayıt, “Yasamal Sambo” İK, “Abşeron-Zirvə”, “Bakı-Zirvə”, “Lənkəran-Zirvə”, “Sumqayıt-Zirvə” və Rusiyadan “Dağıstan” İK komandaları iştirak ediblər.

2005-06-cı il təvəllüdlü cüdoçuların qələbə əzmi tribunalara toplaşanların alqışına səbəb olub. Respublika səviyyəsində təşkil oluna yarışda “Abşeron-Zirvə” cüdoçuları bütün rəqiblərindən üstün olaraq, komanda hesabında birinci olmağı bacarıblar. Cüdo federasiyası, “Zirvə” beynəlxalq idman klubları və AAAF holdinqin rəhbər şəxslərinin də iştirak etdiyi təltifat mərasimində hər çəkidə mükafatçı olan cüdoçulara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

“Zirvə”nin təşkilatçılığı ilə keçirilən bu oyunları böyük ənənə halını almaqdadır. Məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Həmin kateqoriyadan