“Zirvəçilər” eyni çəkidə 2 medal qazandılar

Kiprin Limassol şəhərində keçirilən gənc ağırlıqqaldıranlar arasında Avropa çempionatında xüsusi qeyd olunacaq hadisə baş verib. Allsport.az xəbər verir ki, 94 kq çəkidə körpücük üzərinə “Zirvə” İdman Klubunun iki idmançısı çıxıb və hər ikisi medal qazanıb. Onlardan biri Azərbaycan yığmasının üzvü, “Qobustan-Zirvə” klubunun nümayəndəsi Dadaş Dadaşbəyli, digəri isə Ukrayna yığmasının üzvü, “Jidaçiv-Zirvə” klubunun nümayəndəsi Vladimir Hozadır. Adı sununcu çəkilən yeniyetmələr arasında dünya və Avropa çempionatının bürünc mükafatçısıdır.

Onların hər ikisi əvvəlcə birdən qaldırma hərəkətində medal qazanıblar. Dadaşbəyli 167 kq-la 2-ci, şəxsi çəkisi ondan cəmi 70 qram çox olan Hoza isə eyni 167 kq-la 3-cü yerə sahib çıxıb.

Təkanla qaldırma hərəkətində də gümüş və bürünc medallar klubumuza qismət oldu. Dadaşbəyli 193 kq-la 2-ci, Hoza 191 kq-la 3-cü yerə çıxdı.
Toplamda da “Zirvə” İdman Klubu fəxri kürsüdə iki idmançı ilə təmsil olundu. 360 kq (167+193) nəticə ilə Dadaş Dadaşbəyli Avropa çempionatının gümüş, Hoza isə 358 kq (167+191) nəticə ilə bürünc medalını qazanıb.

Bu, klubda görülən işlərin düzgün istiqamətdə aparıldığına sübutdur. “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs filiallarının hər birində böyük potensiala malik gənclər, həmçinin təcrübəli idmançılar məşq edirlər.

Həmin kateqoriyadan