“Zirvə”nin ən güclü cüdoçuları bilindi

“Sumqayıt Zirvə Kompleksi”ndə 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında “Zirvə” İdman Klubunun daхili cüdo yarışı keçirildi. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, turnirdə oğlanlar – 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 kq çəki dərəcələrində mübarizə apardılar.

Birincilikdə paytaxt və bölgələrdən gəlmiş yüzə yaxın gənc cüdoçu iştirak etdi. İdmançıların qələbə əzmini görmək xoş idi. Tatami üzərində müxtəlif fəndlər, rəngarəng gedişlər, həyəcan, döyüşkənliyin şahidi olduq. Sonda ilk 3 yerləri tutan idmançılar «Zirvə» Beynəlхalq İdman Klubunun fəхri fərmanı, medal və hədiyyələri ilə mükafatlandırıldılar.

Komanda hesabında Abşeron-Zirvə cüdoçuları qalib adını qazandılar. 4 qızıl və 2 gümüş medal əldə edən Hətəm Əhmədovun yetirmələri ilk pillədə qərarlaşdılar. 2 qızıl, 1 gümüş və 7 bürünc qazanan “Bakı-Zirvə” 2-ci, 2 qızıl, 1 gümüş və 6 bürüncü olan “İsmayıllı-Zirvə” 3-cü yeri tutdular. “Sumqayıt-Zirvə” cüdoçularının aktivinə 1 qızıl, 5 gümüş və 1 bürünc medal yazıldı.

Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.

Həmin kateqoriyadan