“Zirvə”nin 2-ci dünya çempionatı 11 ölkəni ağırlıqqaldırma bayramına topladı

Dekabrın 28-də Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci dünya çempionatı keçirildi. Allsport.az xəbər verir ki, Azərbaycanla birlikdə 11 ölkədən – Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, Rusiya, Bolqarıstan, Belarus, İsrail, İran – gələn atletlər yüksəks səviyyədə təşkil olunan, bayram havasında keçən bir turnir izlədik.

Çempionatın keçirilməsində məqsəd “Zirvə”nin klubları arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağır atletika idman növünün inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunması idi. Dünya çempionatında yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirildi:

1. Kişilər

a) U-20 (yaşı 20-yə qədər olanlar)
b) 20+ (yaşı 20-dən yuxarı olanlar)
2. Qadınlar

a) U-17 (yaşı 17-yə qədər olanlar)
b) 17+ (yaşı 17-dən yuxarı olanlar)

Yarış şəxsi və komanda xarakteri daşıyırdı. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olundular. Komanda yarışlarında I-VI yerləri tutan klublar, həmçinin ilin yekunlarına görə ən yaxşılar təltif olundular.

Yarışlara ilk olaraq yaşı 17-yə qədər olan qızların çıxışları ilə start verildi.

Qızıl medal uğrunda maraqlı mübarizə getdi. Ukraynalı, bolqar və azərbaycanlı qızların yarışında həmyerlimiz Səbinə Əzimova qalib çıxdı. “Lənkəran-Zirvə” atleti toplamda 151 kq (68+83) nəticə ilə Sinkleyr cədvəlində 240.2 xal qazandı və bütün rəqiblərini üstələyərək qalib adına sahib çıxdı. O, artıq klubun ikiqat çempionudur.

Gümüş medal yarışların debütantı Yelizaveta Baranovaya qismət oldu. “Jidaçiv-Zirvə” atleti 202 kq (92+110) nəticə ilə 229.0 xalla ikinci yerə çıxdı. Bürünc medal isə yarışların son qalibi Qalya Şatovanın adına yazıldı. O, 156 kq (76+80) nəticə ilə aktivinə 227.0 sinkleyr xalı yazaraq fəxri kürsünün son pilləsinə qalxdı.

Daha sonra yaşı 17-dən çox olan qadınlar medal mübarizəsinə qoşulublar.

Təcrübəli atletlərin yarışı izləmək xoş oldu. Son yanaşmaya qədər gedən qızıl medal “döyüşü”ndə qalib adını Natalya Prişepa qazandı. “Kişinyov-Zirvə” atleti 232 kq (107+125) nəticə göstərərək 278.4 Sinkleyr xalı topladı və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Gümüş medal “Abşeron-Zirvə” atleti, gənclər arasında Avropa çempionu Anastasiya İbrahimliyə qismət oldu. O, 220 kq (95+125) nəticə göstərdi və 272.8 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı. Bürünc medalı “Jidaçiv-Zirvə” atleti Anastasiya Qotfird əldə etdi. Goranboylu atleti Məhərrəməova Mərziyyəni yalnız 0.8 xal qabaqlayıb ukraynalı idmançı, 222 kq (105+117) nəticə və 244.9 xalla üçüncü pillədə qərarlaşdı.
Sonra yarışda estafeti kişilər alıblar. Onlar ilk olaraq yaşı 20-yə qədər olan atletlərin qalibi adını müəyyənləşdiriblər. Bu il gənclər arasında dünya çempionatının gümüş medalçısı olmuş Volodimir Hoza favorit adını təsdiqləyib. “Jidaçiv-Zirvə” atleti birdən nə birdən, nə də təkanla qaldırmada rəqib tanımayıb. Ukraynalı idmançı toplam 375 kq (170+205) nəticə ilə 421 Sinkleyr xalı qazanıb və qızıl medala sahib çıxıb. Gümüş medalı “Kişinyov-Zirvə”nin nümayəndəsi Krihan Daniel boynundan asıb. Moldovalı atlet toplam 302 kq (135+167) nəticə və 383.1 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı. Bürünc medala “Tbilisi-Zirvə” atleti Georgi Çxeidze sahib çıxdı. Gürcü idmançı toplam 348 kq (155+193) nəticə göstərdi və 375.4 Sinkleyr xalı ilə fəxri kürsüdə yer aldı.

Yarışda son olaraq böyüklər – yaşı 20-dən yuxarı olan atletlər çıxış ediblər. Turnirin ən böyük çəkilər baş üzərinə məhz bu qrupda qalxıb. Əsl titanların döyüşü izlənib. Həqiqi ağır mübarizə turnirin ən güclüsünü ortaya çıxardı. Ukrayna, Moldova və Azərbaycan “Zirvəçilər”inin rəqabəti alqışalayiq oldu. Onlardan “Kişinyov-Zirvə” atleti Əhməd Qoloqan Marin toplamda 355 kq (160+195) nəticə və 416.1 xalla hamını üstələyərək fəxri kürsünün layiq olduğun ən yüksək pilləsinə qalxdı. Gümüş medalı azərbaycanlı atlet Rövşən Fətullayev əldə etdi. Maraqlıdır ki, o da toplamda 355 kq (155+200) nəticə göstərdi. Ancaq şəxsi çəkisi moldovalıdan çox olduğundan ikinci yeri tuta bildi. Fətullayev 404.6 Sinkleyr xalı topladı. Bürünc medalı isə boynundan ukraynalı atlet asdı. “Jidaçiv-Zirvə” nümayəndəsi Vitali Oleviç toplam 332 kq (155+177) nəticə göstərdi və 390.4 xalla 3-cü yeri tutdu.

Həmin kateqoriyadan