MÜSAHİBƏ
2-qat Avropa çempionu: Artıq düzgün iş gedir, güləşimiz öncəki günlərinə qayıdır

Romada keçirilən Avropa çempionatında Rafiq Hüseynov (82 kq) yarışı qalib başa vurdu. Mükafatlandırma mərasimindən sonra 2-ci dəfə qitə çempionu olan 32 yaşlı güləşçi fikirlərini allsport.az-a bölüşdü:

– Sonuncu dəfə 2011-ci ildə, Dortmundda Avropa çempionu olmuşdunuz. Hissləriniz necədir?
– Bəli, böyüklərin yarışında son dəfə 9 il əvvəl qitə birincisi olmuşdum. İllərdir ki, əziyyət çəkirik. Ümumiyyətlə, olimpiya idman növləri digərlərindən fərqlənir. Nəticəni təkrarlamaq və əldə saxlamaq çox çətindir. Mən də uzun illərdən sonra bunu təkrarlaya bildim. Həm özümə, həm də valideynlərimə görə sevinirəm. Məni sevənlər, yaxınlarım, dostlarım, ailəm bu dəqiqə bayram edir. Baxmayaraq ki, Bakıda 00:20-dir. Sizə müsahibə verirəm, amma hələ onlarla əlaqə saxlamamışam. Hamısını təbrik edirəm, gözləri aydın olsun ki, bu çempionluğu təkrarladım.

– Romanın əzəməti sizə düşərli oldu, yoxsa hazırlıq da yaxşı keçmişdi?
– Hazırlıq yaxşı keçdi. Toplanışa 3 ay əvvəldən başlamışdıq. Məşqçilər heyətimiz yenidən dəyişilmişdi. Aleksandr Tarakanovun rəhbərliyi altında hazırlığa başladıq. Tam fərqli məşqlərdir. Deyərdim ki, Azərbaycan güləş məktəbinə uyğun məşqlər keçirdi. Uzun illər idi ki, güləşimizi dəyişmişdilər. Fiziki və texniki cəhətdən geriyə salmışdılar. Artıq düzgün iş gedir. Güləşimiz də qayıdır. Murad Bazarov, Ülvü Qənizadə, Sənan Süleymanov kimi gənclər medallar qazandı. Bu dəyişiklik güləşdə öz sözünü deməyə başlayır.

– Yarışda bir çox gənclərə etimad göstərildi. Onların üzərində təzyiq olmasa da, sizdən medal gözləyənlər çox idi. Bu, sizdə basqı yaratmırdı?
– Hər yarışın öz yeri var. Lisenziya yarışları ayrı, beynəlxaq turnirlər isə fərqlidir. Lisenziyaya görə çəkisini 82 kiloqrama qaldıranlar var idi. Bu da öz çətinliyini göstərdi. Hədəfimiz öncə bu yarış idi. 1 ay sonra lisenziya turniri var. İndi hədəfimiz həmin yarış olacaq. Avropa çempionatının həmin turnirə aidiyyatı yoxdur. Çalışacağıq ki, uğurları təkrarlayaq. Təbii ki, hamıs istəyir ki, olimpiadada geniş heyətlə çıxış edib, uğurlar qazanaq.

Həmin kateqoriyadan