400-ə yaxın karateçi üçün məşğələ

Azərbaycan karate federasiyasının (AKF) və “KWU-WFKF” birliyinin təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə full kontakt karate üzrə ümumrespublika seminarı uğurla təşkil olunub. Allsport.az xəbər verir ki, tədbirə ölkənin müxtəlif bölgələrindən 400-ə yaxın karateçi qatılıb.

Seminar Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məşğələnin rəsmi açılışında çıxış edən AKF-nin vitse-prezidenti Füzuli Musayev, qurumun prezidenti adından iştirakçıları salamlayaraq bunları qeyd edib:
“Əziz idmançılar, hörmətli məşqçilər və qonaqlar,
Bu gün burada – 28 May Respublika Günümüzə həsr olunmuş bu möhtəşəm seminarda bir araya gəlmək böyük şərəfdir. Azərbaycan Respublikasının müstəqilliyi hər birimizin qürur mənbəyidir. Biz bu müstəqilliyin qorunması və inkişafı üçün yalnız cəbhədə deyil, idmanda da öz töhfəmizi verməliyik. Karate – yalnız idman deyil, həm də bir həyat tərzidir. Bu sənət vasitəsilə biz gənclərimizə həm mənəvi, həm də fiziki güc aşılamaqdayıq.
AKF olaraq məqsədimiz təkcə idman uğurları deyil, həm də sağlam, vətənpərvər gənclərin yetişməsinə dəstək olmaqdır. Bugünkü seminarda iştirak edən hər bir karateçini təbrik edir, uğurlar arzulayıram. Müstəqilliyimiz daim olsun!”

Ardınca çıxış edən AKF -in baş katibi və “KWU-WFKF” birliyinin sədri Qabil Sayadov, tədbirin təşkilində göstərilən dəstəyə görə federasiya rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. O, belə seminarların gənc idmançıların inkişafı və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Seminarın praktiki hissəsi təşkilat nümayəndələri Hamlet Əlili, Rza Mustafayev, Vidadi Xəlilov, Rasim Oqniev, Anar Məmmədov və digər təcrübəli mütəxəssislərin rəhbərliyi ilə həyata keçirilib. Məşqlər zamanı iştirakçılara müxtəlif texniki və taktiki elementlər öyrədilib, yeni metodik yanaşmalar tətbiq olunub.
Tədbirin sonunda 100 -ə yaxın karateçi müxtəlif kyu dərəcələri üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar peşəkar hakim heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib.

Həmin kateqoriyadan