SİYAHI
AİJF etibarlı ələ ötürülür: İdarə heyətində onlar yer alacaqlar

Sabah Azərbaycan idman jurnalistləri federasiyasının (AİJF) idarə heyətində boş qalan yerlərin doldurulması məqsədi ilə növbədənkənar seçki konfransı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mərhum dövlət xadimi Azad Rəhimovun xeyir-duası ilə yaradılan, onun dünyadan köçməsilə fəaliyyətini donduran media təşkilatı, yeni gənclər və idman naziri Fərid Qayıbovun təşəbbüsü nəticəsində təzədən canlanıb. AİJA üzvləri dəvət almadığına görə, şərti sayılan yığıncaqda öncədən müəyyən olunan namizədlərin təyinatları rəsmiləşəcək.

43 yaşlı nazirin istəyi ilə federasiyanın yeni prezidenti ARB TV-nin reportyoru Azər İsmayılov olacaq. O, işgüzar və əməksevər həmkarlardan sayılır. Düzgünlüyü, sakit təbiəti və bitərəfliyi ilə fərqlənir. Onun medianın inkişafı ilə bağlı yaxşı planları var. İmkan versələr, zamanla bunu həyata keçirə biləcək. Hələlik öz komandasını qura bilməyəcək və bu, onun gələcək karyerasını təsirləndirən amillərdəndir. Amma arxasında nazirin dayandığı və ona çətin olmasın deyə, son anda edilən qalaqurmaları çıxış yolu kimi də dəyərləndirmək olar.

İdarə heyətində yer alacaq digər tanış simalar Şəmsəddin Abbasov (“CVC Sport”), Kənan Hakimov (İTV), Vüqar Nəzərov (“İdman” TV) Elmir Əliyevdir (haqqın.az). Cüdo federasiyasının mətbuat katibi Ülkər Abbasova və Bakı şəhər halqası əməliyyat şirkətinin yerli media departamentinin keçmiş rəhbəri Ayan Ağalar qurumda yenidirlər. Onların nə vaxt AİJF-ə üzv olmaları barədə də rəsmi bilgi verilməyib. Adı son çəkilən xanım yurd dışı əlaqələrə baxacaq. Maraqlıdır ki, beynəlxalq idman mətbuatı assosiasiyasının (AİPS) nizamnaməsinə görə, hər ölkədən qanuni 1 idman təşkilatı ola bilər. Bu qurum da rəsmən Azərbaycan idman jurnalistləri assosiasiyasını (AİJA) tanıyır.

Göründüyü kimi, idarə heyəti genişlənərək 11 nəfərdən ibarət olacaq (Firuz Abdulla (AFFA), Sənan Şəfizadə (ATV), Elşən Məmmədov (report.az) və Vüqar Zeynalov (azerisport.com) istefa verməyərək, vəzifələrində qalıblar). Sportsmedia.az-ın 21 iyunda yayımladığı son xəbərdə bu barədə məlumat verilməyib. Öncəki nizamnamənin idarə heyətinin tərkibində 9 nəfər göstərilib. Nə vaxt nə dəyişib üzvlər xəbərsizdirlər. Son qərarlar tarazlığın pozulmamasına xidmət edir. Yeni təyin olunanlar Azər İsmayılovun rəhbərliyi ilə AİJF-də yeni təkliflə çıxış etməli və canlanma yaratmalıdırlar. Onların içində AİJA ilə birləşmə tərəfdarı olanlar da var.

Hər halda, toplantının məhz 2 iyul – Beynəlxalq idman mətbuatı gününə salınması həmin leqal təşkilata “əlcək atmaq”dır. Bəli, idman mediası yeni savaş astanasındadır. Artıq AİJA prezidenti Eldar İsmayılovun yenə əks-hücuma keçəcəyi, müxtəlif dövlət orqanlarına və idarə heyəti üzvlərinin çalışdığı KİV-nin rəhbərliyinə məktubla müraciət ünvanlayacağı ilə bağlı informasiyalar dolaşır.

Şəffaflıqdan danışan, Eldar İsmayılovu saxtakarlıqda suçlayanlar, bu gün həmin addımlarla idman KİV-ni yenə qarşı qarşıya qoyub. Onsuz da media inkişaf agentliyinin 6 aydan bir elan etdiyi müsabiqənin cavablarından sonra, bu bölgü və ziddiyyət dərinləşdib. İndi yaranın üstünə təzədən duz səpilir. Mərhum Azad Rəhimov nə medianı, nə də AİJF-i belə görmək istəmirdi. Elə yeni nazir Fərid Qayıbov da. Sadəcə, onlara daim dolğun və düzgün məlumatlar çatdırılmayıb, birlik əvəzinə, ikitirəlik yaradılıb.  

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish