AMADA-nın əməkdaşları beynəlxalq inspektor statusu daşıyacaqlar

Milli antidopinq agentliyinin əməkdaşları beynəlxalq inspektor statusu alacaq. Allsport.az xəbər verir ki, bu, AMADA ilə beynəlxalq test agentliyinin əməkdaşlığı çərçivəsində baş tutacaq.

İyulun 7-də beynəlxalq test agentliyinin beynəlxalq dopinq nəzarəti inspektorları üçün təlim-sertifikat proqramına start verilib.

Proqramın məqsədi  dünyada antidopinq sahəsində testlərin keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Bu proqramın digər məqsədi yarışmadan kənar və beynəlxalq idman yarışlarında, o cümlədən  dünya çempionatları, olimpiya oyunları və digər böyük yarışlarda dopinq nəzarətini həyata keçirmək üçün ümumdünya antidopinq agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssislər hazırlamaqdır.

Proqram çərçivəsində AMADA-nın inspektorları xüsusi seminarlara cəlb ediləcək. Seminarların nəticəsində iştirakçılara beynəlxalq inspektor statusu verən sertifikatlar təqdim olunacaq.

Beynəlxalq test agentliyi COVID-19 pandemiyasını nəzərə alaraq təlimləri bu yay onlayn keçirəcək. Ənənəvi seminarların yeri və vaxtı isə yaxın gələcəkdə  ev sahibi təşkilatlarla razılaşdırıldıqdan sonra təsdiqlənəcək.

Azərbaycan 2019-cu ildən beynəlxalq test agentliyi ilə əməkdaşlıq edir. 

Həmin kateqoriyadan