Avropa kubokunun açılış mərasimi keçirilib

Mayın 3-də Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun rəsmi açılış mərasimi baş tutub. Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan cüdo federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Avropa cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner və digər rəsmi şəxslər iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında idmançıları hər zaman güclü olmağa çağırıb. O qeyd edib ki, dövlət tərəfindən idmanın inkişafına yüksək səviyyədə qayğı göstərilir. Nazirin sözlərinə görə, bölgələrdə beynəlxalq yarışların təşkili bu sahənin inkişafına ciddi töhfə verəcək. O, bütün iştirakçılara uğurlar arzulayaraq güclü olanın qalib gəlməsini arzulayıb.

Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov isə çıxışında Qubanın artıq belə nüfuzlu turnirlərin davamlı ev sahibinə çevrildiyini bildirib. O vurğulayıb ki, qonaqları burada görmək onlar üçün qürurvericidir. İ.Mahmudov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib və yarışın təşkilində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.

Avropa cüdo birliyinin idman komissarı Albert Qmayner çıxışında qurumun prezidenti Laslo Totun salamlarını çatdırıb. O qeyd edib ki, Quba Avropa kuboku əhatə dairəsi və gənc idmançıların inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Qmayner əmin olduğunu bildirib ki, bu tatamidə çıxış edən cüdoçulardan bəziləri gələcəkdə Avropa və dünya çempionatlarında qalib olacaqlar. O, Quba Avropa kubokunu açıq elan etdiyi üçün böyük qürur hissi keçirdiyini də qeyd edib.

Tədbirin sonunda Dövlət Himni səsləndirilib.

İki gün davam edəcək Avropa Kubokunda 12 ölkədən 354 yeniyetmə cüdoçu mübarizə aparır.

Həmin kateqoriyadan