Avropa olimpiya komitəsinin nümayəndəsi OCEP layihəsini yüksək qiymətləndirib

Avropa olimpiya komitəsinin üzvü Canluka de Ancelis OCEP layihəsi çərçivəsində fəaliyyət göstərən Bakının 171 və 158 nömrəli tam orta məktəblərində olub. Allsport.az saytı xəbər verir ki, qonaq 158 nömrəli tam orta məktəbi ziyarət edib. MOK-un beynəlxalq proqramlar departamentinin rəhbəri Mehman Kərimovun da qatıldığı tədbirdə məktəblilərin İtaliyanın idman nailiyyətləri və ölkənin tarixi ilə bağlı hazırladığı xüsusi təqdimat əslən İtaliyadan olan qonağın marağına səbəb olub. İtalyan dilində mahnılarla müşayiət olunan səhnəcik isə alqışlarla qarşılanıb.

Sonra de Ancelis şagirdlər ilə tarix, mədəniyyət və olimpiya mövzusunda söhbət edib. Sonda qonaq AOK-un xüsusi hədiyyəsini məktəblilərə təqdim edib. OCEP layihəsi çərçivəsində Sloveniyanı təmsil edən 171 nömrəli tam orta məktəbə səfər də maraqlı anlarla yadda qalıb. Elm və təhsil nazirliyinin sektor müdiri Hilal Salmanov, MOK-un xarici əlaqələr şöbəsinin rəhbəri Anar Bağırovun iştirak etdiyi bu görüşdə məktəblilər Sloveniyanın tarixi barədə öyrəndiklərini qonaqlara nümayiş etdiriblər. İbtidai sinif uşaqlarının “Müharibəyə yox” şeiri bütün iştirakçıları təsirləndirib.

Canluka De Ancelis məktəblərin infrastrukturu, ən əsası isə şagirdlərin digər ölkələrin mədəniyyəti, təhsili, adət-ənənələri, həmçinin idman sahəsindəki biliklərinə heyran qaldığını gizlətməyib. Sonra 171 nömrəli tam orta məktəbin “Dostluq” parkında AOK-un üzvünün iştirakı ilə fidanlar əkilib. Qonaq məktəbə AOK-un xüsusi hədiyyəsini təqdim edib.

“Olimpiya mədəniyyəti və təhsili proqramı” (OCEP) “Bakı-2019” Avropa gənclər olimpiya festivalı dövründə Beynəlxalq olimpiya komitəsinin dəstəyi ilə MOK tərəfindən yaradılıb və hazırda yalnız Avropa deyil, dünyanın müxtəlif ölkələrini də əhatə edir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish