- Baxış sayı: 35
- 23 İyun 2025 17:56
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
Ölkəmizin tanınmış idman mütəxəssisi Rəşad Məmmədov, İran cüdo federasiyası ilə müqavilə bağlayıb. Allsport.az saytının məlumatına görə, o, kişilərdən ibarət millinin baş məqşisi, yeniyetmə və gənclərdə texniki direktor təyin olunub. Onunla Los-Anceles-2018 olimpiadasının sonuna qədər müqavilə bağlanılıb. Həmyerlimiz İRNA agentliyinə açıqlamasında bunu deyib:
“Mən İran cüdosuna inanıram və güvənirəm. İnanıram ki, planlaşdırma, dəstək və səylə uğur qazanacağıq. İran cüdosunun hesabında dünya çempionluğu var. Bu, qürurverici mövqe və sahənin tarixi deməkdir. İstedadlı idmançılarla biz böyük qələbələ yetişə bilərik.
Komandanın hazırlığını yaxından gördüm. Vurğulamalıyam ki, heyətdə gənc cüdoçular arasında çoxlu yaxşı istedadlar var. Əlbəttə, qarşıda çox iş var, amma uşaqlar çox çalışırlar və həvəslidirlər. Əminəm ki, cüdonun diqqəti və ahəngdarlığı ilə İranın parlaq gələcəyi var. Biz bu gündən etibarən işimizə ciddi şəkildə başlayırıq və əsas məqsədimiz İran cüdosunun beynəlxalq arenada, özəlliklə, olimpiya oyunlarında uğuru və fəxridir”.
Rəşad Məmmədov 2020-2024-cü illərdə qadın millimizə rəhbərlik edib. Onun rəhbərliyi ilə Tokio-2020-də ən ağır çəkili legionçu İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Paris yay olimpiya oyunlarında ölkəmiz qadınlarda ilk dəfə 2 idmançı ilə təmsil olunub: Leyla Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq).
Maribor-2023 Avropa gənclər olimpiya festivalında (EYOF) qızlardan ibarət millimiz tarixində ilk dəfə EYOF-da medal sıralamasında əyara görə 1-ci yer tutub. Bu, həm də qızlar arasında böyük yarışlarda qazanılan ilk belə nəticə idi. Ötən ilin dekabrında ACF nəticə verən mütəxəssislə müqavilə uzatmayıb və onu əcnəbi məşqçilərlə əvəzləyib.
Arazın o tayında Rəşad Məmmədova həmyerlisi Ramiz Ramizzadə kömək edə bilər. O, yeniyetmələr arasında seçməmizin keçmiş baş məşqçidir. Ümumiyyətlə, azərbaycanlı cüdo çalışdırıcılarına yurd dışında daim maraq olub. Bir zamanlar Hacıağa Hacıəhmədov Türkiyədə, Natiq Bağırov Belarusda, Rəşad Həsənov Polşada, Azər Şıxaliyev, Akif Tahirov və Fariz Hüseynov Səudiyyə Ərəbistanında işləyiblər. Olimpiya mükafatçısı, Avropa çempionu və dünya çempionatlarının gümüş mükafatçısı Rüstəm Orucov isə bu il Səudiyyə Ərəbistanı milli olimpiya komitəsində cüdo üzrə performans direktoru vəzifəsinə təyin olunub.