Azərbaycan cüdosunda əlamətdar hadisə

Noyabrın 3-də Bakı olimpiya stadionunda Cüdo federasiyasının təlim-məşq zalının açılışı olub. Allsport.az saytı tədbirdə qurumun prezidenti Rövnəq Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Cüdo federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, baş katib Elmar Babanlı, federasiyanın icraiyyə komitəsinin üzvləri və tanınmış idman mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə açılış rəmzini bildirən qırmızı lent kəsilib. Qonaqlar yeni yaradılmış cüdo zalı ilə tanış olublar. Nəfis tərtib edilmiş zalda Azərbaycanın cüdo tarixində uğur qazanmış olimpiya, dünya və Avropa çempionatının qalib və mükafatçılarının şəkilləri, zəfərlərlə dolu anlar həkk edilən foto-stendlər var. Müasir və tam standartlara cavab verən idman qurğuları ilə təmin olunmuş zalda tibb məntəqəsi, soyunub-geyinmə otaqları və duş kabinləri də yaradılıb. Cüdo zalında əsas milli komandamızla yanaşı gənclər və qadınlardan ibarət yığmaların üzvləri məşq edəcəklər.

ACF-in vitse-prezidenti Sadıq Sadıqov idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verdi. Bildirildi ki, yeni zalda tanınmış cüdoçularımızın iştirakı ilə kiçik yaşlı yeniyetmə idmançılara master-klasslar keçiriləcək.

Açılışından sonra 2017-ci ilin cüdo yekunlarına həsr edilmiş iclas keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev son 2 ildə əldə olunan uğurlardan bəhs edib. Federasiya prezidenti növbəti ilin may ayında Heydər Əliyev adına “Böyük Dəbilqə” yarışının, eləcə də, sentyabrda dünya çempionatının Bakıda keçiriləcəyini diqqətə çatdıraraq 2018-ci ilin daha ağır və məsuliyyətli olacağını vurğulayıb.

Tədbirdə ACF-iın baş katibi Elmar Babanlı çıxış edərək 2017-ci ildə Azərbaycan cüdoçularının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə hesabatı diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını nizamlayır, onlara öz diqqət və qayğısını əsirgəmir.

Yığıncaqda həmçinin, əməkdar məşqçi Ağayar Axundzadə çıxış edərək idmançılar və məşqçilərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra federasiyasının prezidenti Rövnəq Abdullayev 2017-ci ilin son aylarında yüksək nəticələrə imza atmış məşqçilərə, idmançılara hədiyyə və mükafatlar təqdim edib. Azərbaycan millisinin kapitanı Elxan Məmmədov isə bütün cüdoçular adından cənab Rövnəq Abdullayevə xatirə hədiyyəsini təqdim edib. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

Həmin kateqoriyadan