- Baxış sayı: 42
- 11 May 2025 10:56
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Mayın 4-də “Həyatın qanadları” (“Wings for Life World Run”) adlı qlobal xeyriyyə qaçışı 12-ci dəfə ölkəmizdə keçirilib. Allsport.az saytı xəbər verir ki, məqsəd, onurğa beyni zədələrinin müalicəsi üçün çarə tapılması istiqamətində aparılan tədqiqatlara dəstək vermək idi. Bu il 191 ölkədən 310 719 iştirakçı eyni vaxtda – Bakı vaxtı ilə saat 15:00-da start götürərək növbəti rekordu müəyyənləşdirib.
Tədbirinin əsas özəlliyi, ənənəvi finiş xəttinin olmamasıdır. Startdan 30 dəqiqə sonra bəzi ölkələrdə real, bəzilərində isə virtual olan “yaxalama avtomobili” (Catcher Car) iştirakçıların arxasınca hərəkətə keçir. Qaçanlar, yeriyənlər və əlil arabasında olan iştirakçılar bu hərəkətli finiş xəttinə yaxalanmazdan əvvəl mümkün qədər çox məsafə qət etməyə çalışırlar. “Yaxalama avtomobili” onlara çatdıqda isə onların yarışı başa çatmış sayılır.
Bakıda keçirilən tədbirdə 254 nəfər iştirak edib. Kişilər arasında Kamran Şərifov 20 460 metr məsafə qət edərək 1-ci olub, qadınlarda Nataşa Şiyanova 18,43 km nəticə ilə ilk sırada yer alıb.
Qlobal nəticələrə gəldikdə isə, kişilər arasında yaponiyalı Jo Fukuda 71,67 km məsafə qət edərək yeni dünya rekordu qırıb. Qadınlar arasında isə almaniyalı Esther Pfeiffer 59,03 km nəticə ilə ölkəsinin ilk qlobal çempionu oldu və bu, qadınlar arasında tarixdə ikinci ən yüksək nəticə hesab olunur.
Bu il iştirakçılar dünya üzrə orta hesabla 12,4 km məsafə qət etdilər ki, bu da ekvator ətrafında 64 dövrəyə bərabərdir. Nəticədə 8,6 milyon avro məbləğində rekord ianə toplanıb və əvvəlki illərdə olduğu kimi, vəsaitin hamısı “Wings for Life” Onurğa beyni tədqiqatları fondu tərəfindən dəstəklənən elmi tədqiqatlara və klinik sınaqlara yönəldilir.