Azərbaycan idman jurnalistləri assosiasiyasının nümayəndələri Qətərdə həmkarları ilə görüşüblər

Qətərdə futbolsevərlərinin səbirsizliklə gözlədikləri Dünya Kuboku–2022 üçün hazırlıq başa çatır. Allsport.az saytı xəbər verir ki, start fitinin çalınmasına sayılı günlər qaldığı bir vaxtda, Azərbaycan idman jurnalistləri assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov və bu yaxınlarda Avropa idman mətbuatı ittifaqı icraiyyə komitəsinə üzvü seçilən qurumun 1-ci vitse-prezidenti Nərgiz Mahmudzadə adı çəkilkən ölkəyə səfər ediblər.

Həmyerlilərimiz bu ölkənin idman mətbuatı komitəsinin üzvü, AİPS Asiyanın vitse-prezidenti Mübarək Məhəmməd Əl-Boaninin ilə görüşərək, dünya çempionatı ilə bağlı bir sıra məsələlər, həmçinin tərəflər arasında birgə əməkdaşlığın möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Bu görüş barədə Beynəlxalq idman mətbuatı assosiasiyasının (AİPS) oktyabrın 3-dən 6-dək Romada baş tutan 84-cü konqresi zamanı razılığa gəlinib.

QİMK rəsmisi söhbət zamanı bildirib ki, ölkəsində Qətərin DÇ-2022-yə ev sahibliyini qazandığı vaxtdan davamlı hazırlığa başlanılıb. Böyük işlər görülüb və bütün bunlara çox yüksək məbləğ – 200 milyard dollara qədər vəsait sərf olunub. Onun yalnız 6,5 milyard dolları yeni stadionların, komanda bazalarının, azarkeşlər üçün müasir infrastrukturun inşasına sərf olunub.

Eyni zamanda, şəhərdə innovativ idarəetmə sistemi ilə insansız çalışan ən müasir metro və tramvay şəbəkələri, hava limanları, dünyaşöhrətli memarlar tərəfindən hazırlanan fərdi layihələr üzrə dəbdəbəli binalar, parklar, digər qurğular yaradılıb. AİJA rəhbərləri həmkarlarının köməyi ilə Dohanın yeni yaradılan stadionları, idman sarayları, digər infrastrukturları ilə yaxından tanış olublar. Çempionatın geniş işıqlandırılmasına cəlb olunan KİV üçün müasir mətbuat mərkəzlərinin təşkilinə də xüsusi diqqət yetirilib.

Media nümayəndələrinin akkreditəsində hər zaman və hər yerdə olduğu kimi, AİPS vəsiqələri daşıyan peşəkarlara üstünlük verildiyi bildirilib. Akkreditasiya neçə ay əvvəl nəzərdə tutulan kvotaya uyğun başa çatıb. Buna baxmayaraq AİJA rəhbərləri Azərbaycanın bir sıra tanınmış və gənc jurnalistlərinin çempionatı işıqlandırmalarına hansısa real şəraitin yaradılması imkanlarını da götür-qoy ediblər. Bu barədə söhbətlər davam etdirilir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish