MÜSAHİBƏ
“Azərbaycanda küçəyə çıxmaq qadağan deyil”

“Zirə”nin yarımmüdafiəçisi Qeorqe Anton moldfooball.com-a müsahibə verib. Allsport.az 27 yaşlı moldovalı futbolçunun müsahibəsini təqdim edir:

– Bu yaşda ilk dəfə ölkə xaricində çıxış edirsiniz. Daha öncə təklif olmadığı üçün xaricə yollanmırdınız?
– Hər zaman ölkə xaricində çıxış etmək istəmişəm. Bundan öncə konkret təklif yox idi. Qışda “Zirə” mənimlə müqavilə imzalamaq üçün çox israrlı idi.

– “Zirə” akademiya, maliyyə və azarkeşləri baxımından necə klubdur?
– 2014-cü ildə yaradılmış gənc və iddialı klubdur. Ev oyunlarımızı Bakıdan 40 km aralıda olan Zirə qəsəbəsində keçiririk. Həm də Bakı olimpiya stadionunda məşq edirik. Azarkeşlərə gəlincə, onların çox gəldiyini söyləməyəcəm, amma tribunada olanlar bizi çox gurultulu dəstəkləyir. Maliyyə problemi isə yoxdur.

– Yeni komandada özünüzü necə hiss edirsiniz? Azərbaycan futbolu barədə fikirləriniz necədir?
– Hələ 6 oyun keçirmişəm və özümü yaxşı hiss edirəm. Azərbaycanda futbolu təxmin etmək olmaz, hamı bir-birini məğlub edə bilər. “Qarabağ”ı çıxmaqla digər komandalar bir-birinə yaxın səviyyədədirlər. Turnir cədvəlində vəziyyət elədir ki, bütün komandaların Avropaya yollanmaq fürsəti var.

– “Zirə” sizin üçün hansı yaşayış şəraitini yaradıb? Harada yaşayırsınız, boş vaxtınızda nə edirsiniz, kiminlə görüşürsünüz?
– Bakıda mənzildə qalıram. “Sabah”da oynayan Yevgeni Koçukla ünsiyyət qururam. İlk vaxtlarda bura uyğunlaşmağa kömək elədi. Sonra ailəm yanıma gəldi. Boş vaxtımı da onlarla keçirirəm.

– Azərbaycandakı insanların koronavirusa münasibəti necədir?
– Bütün tədbirlər görülüb. 4 gündür məşqlərə çıxmırıq. Qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hər kəs bu vəziyyətin çözülməsini gözləyir. Ancaq küçəyə çıxmaq qadağan deyil. İndiyə kimi hər şey əvvəlki kimi gedir.

– Gözlənilməz fasilədə Azərbaycanda qaldınız?
– Bəli, qaldım. Virusdan qorunmaq üçün ailəmləyəm. Belə vəziyyətdə nəsə etmək çətindir.

Həmin kateqoriyadan