Azərbaycanın sədrliyi ilə Avropa şurasının xüsusi komitəsində iclas

Antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycanın sədrliyi ilə Avropa şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, GECA-nın azərbaycanlı rəhbəri Şəfəq Hüseynlinin idarə etdiyi tədbirdə Norveç, Danimarka, Finlandiya, Polşa, Sloveniya və Rumıniyanın, habelə ümumdünya antidopinq agentliyi, beynəlxalq olimpiya komitəsi, UEFA, Avropa ittifaqının idman təşkilatı, Avropa şurasının katibliyinin nümayəndələri və gender bərabərliyi üzrə ekspertlər iştirak ediblər.

Toplantıda GECA-nın indiyədək olan fəaliyyəti, görülən işlər və qarşıdan gələn dövr üçün atılacaq addımlar müzakirə edilib. Komitənin üzvləri onun müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası ilə bağlı ətraflı məruzə ediblər. Bildirilib ki, layihənin icrasının birinci mərhələsi Avropa şurası və ÜADA-nın əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alınmasının ətraflı təhlilindən ibarətdir. Həmin sənədlərin siyahısı artıq hazırdır və buna uyğun işlər aparılır.

Şəfəq Hüseynli bununla bağlı konkret iş bölgüsünü həyata keçirib və ilin sonunadək layihənin birinci mərhələsinin yekunlaşdırılması üçün müvafiq tapşırıqlarını verib. AMADA rəhbəri əlavə edib ki, gələn ilin əvvəlindən isə layihənin icrasının ikinci mərhələsinə – milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunması səviyyəsini müəyyən etmək üçün sorğuların keçirilməsinə başlanılacaq və bununla da bağlı müvafiq hazırlıq işləri görülməlidir.

Komitənin fəaliyyət istiqamətləri haqqında da danışan həmyerlimiz bildirib ki, antidopinq qurumlarının idarəetmə və qərarverici orqanlarında qadınların iştirakının artırılması, antidopinq sahəsini tənzimləyən beynəlxalq və yerli qanunvericilikdə gender məsələsinin əks olunması və dopinq nəzarəti prosesində gender xüsusiyyətlərindən irəli gələn həssas məsələlərin nəzərə alınması əsas prioritetlərdir. Bu mövzuda çıxış edən BOK-un nümayəndəsi təmsil etdiyi qurumuna gender bərabərliyi məsələsinə çox həssas yanaşdığını, bu baxımdan GECA-nın fəaliyyətini dəstəklədiklərini və bununla bağlı öz təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib. İclasda digər təşkilat və ölkələrin nümayəndələri də layihənin birinci mərhələsinin icrası ilə bağlı öz təkliflərini bildiriblər.

Təklifləri məqbul hesab edən Şəfəq Hüseynli bildirib ki, komitənin növbəti iclası bu ilin noyabrında keçiriləcək. Həmin iclasda Avropa şurası nazirlər komitəsinə təqdim etmək üçün layihənin icrasının birinci mərhələsi ilə bağlı hesabat hazırlanacaq. Avropa şurasının gender bərabərliyi üzrə xüsusi komitəsi – GECA “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini dəstəkləmək və icra etmək məqsədilə yaradılıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish