Taekvondoçulardan ibarət millimiz dünya çempionatına hazırlaşır

Azərbaycanın taekvondo üzrə yığma komandası mayın 12-dən 17-dək Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək. Allsport.az xəbər verir ki, həmin yarışda 8 oğlan və 8 qızla təmsil olunacağıq. Bu yarışlarda daha yaxşı çıxış edəcək idmançılarımız Avropa Oyunlarında mübarizə aparacaq. Əsas hədəf də məhz dünya çempionatı və Bakıda keçiriləcək Avropa Oyunlarıdır.

ATF-in vitse-prezidenti Niyaməddin Paşayev bildirib ki, Birinci Avropa Oyunları böyük tədbirdir: “Federasiya bu tədbirə yüksək səviyyədə hazırlaşır. Yarışlarda 8 idmançı ilə təmsil olunacağıq. Avropa Oyunları “Rio-2016”ya 40 lisenziya xalı verəcək. Bu ilin sonunadək idmançıların bütün xalları hesablanacaq və reytinqdə ilk “altılıq”da yer alanlarlar Braziliyadakı Olimpiya oyunlarına vəsiqə alacaq. Bakıdakı oyunlarda taekvondo yarışlarına hər ölkədən 4 – 2 qadın və 2 kişi idmançı iştirak edəcək”.

Avropa Oyunlarında taekvondo üçün 16 yer ayrılıb. Onlardan biri Azərbaycanındır, digərləri isə Avropa Taekvondo Federasiyasının reytinqinə əsasən müəyyən olunacaq. Avropa Oyunlarında taekvondo yarışları dörd gün davam edəcək və hər gün medal təqdimatı olacaq. Ümumilikdə, oyunlarda səkkiz çəkidə mübarizə gedəcək. Bu çəkilərin dördü oğlanlara, dördü isə qızlara aiddir. Hər gün bir oğlan və bir qız idmançıya aid çəkilərdə döyüşlər gedəcək. Həm “Bakı-2015”də yüksək nəticə əldə etmək, həm də “Rio-2016”ya da xal toplamaq üçün idmançılarımız bu Oyunlara yüksək səviyyədə hazırlıq keçir. Azərbaycanı Avropa Oyunlarında federasiyanın ən reytinqli idmançıları təmsil edəcək.

İdmançılarımızın məşqi üçün bütün şərait yaradılıb. Həm qadın, həm də kişilərin toplanışları bazada keçirilir.

 

Həmin kateqoriyadan