Bədii gimnastlarımız dünya çempionatında iştirak etdilər

Olimpiya oyunlarından 2 ay sonra bədii gimnastlarımız yenidən “gündoğan ölkə”də olublar. Bu dəfə qızlarımız dünya çempionatında iştirak etmək üçün Yaponiyanın Kitakyuşu şəhərinə yollanıblar.

Allsport.az xəbər verir ki, dünya birinciliyində Azərbaycanı qrup hərəkətləri komandasının tərkibində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Luzan Yelizaveta və Güllü Ağalarzadə, fərdi proqramda isə Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova təmsil ediblər.

Xalçadakı inamlı çıxışları ilə hər kəsdə xoş emosiyalar yaradan qrup komandamız hər 2 proqram üzrə final mərhələsinə adlayıb. Həlledici mərhələdə qızlarımız həm 5 topla, həm də 3 halqa və 2 cüt gürzlərlə 6-cı yerdə qərarlaşıblar. Çoxnövçülük yarışlarında da (2 çıxış proqram üzrə) qrupumuz 6-cı olub.

Fərdi gimnastların yarışında hər 4 alətlə çıxış edən “Tokio-2020” olimpiadasının iştirakçısı Z.Ağamirova fərdi birincilikdə 24-cü olub. Ayrı-ayrı alətlərlə ən yaxşı çıxışını isə gürzlər və lentlə nümayiş etdirərək 21-ci yerdə qərarlaşıb.

Bu çempionat 2 fərdi gimnastımız üçün debüt yarışı olub. Gənclər arasında keçirilmiş ilk dünya çempionatının ikiqat mükafatçısı A.Cəlilova və sonuncu Avropa çempionatının bürünc medalçısı N.Bayramova ilk dəfə dünya birinciliyində böyüklər arasında çıxış ediblər. 3 alətlə kompozisiyalarını nümayiş etdirən A.Cəlilova ən yaxşı nəticəsini topla göstərərək 21-ci olub. İstedadlı gimnastımız çoxnövçülükdə 23-cü yerdə qərarlaşıb. N.Bayramova isə yalnız lentlə çıxış edərək, 41-ci olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish