Baş idarə 2-ci Vətən müharibəsi şəhidlərini “İstiqlal abidəsi” önündə andı

Bu gün Azərbaycan ərazisində 2-ci Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Allsport.az saytı xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.

Həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə dövlət bayraqları endirilib. Bakı şəhər gənclər və idman baş idarəsi də mərasimdən kənar qalmayıb. Başda idarənin rəisi Raqif Abbasov olmaqla, BŞGİBİ-nin əməkdaşları İstiqlaliyyət küçəsində, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan “İstiqlal abidəsi”nin önündə böyük ölçülü dövlət bayrağı ilə aypara şəklində düzülərək, 2-ci Qarabağ savaşı qəhrəmanlarını ehtiramla anıblar.

Nəzərinizə çatdıraq ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan 2-ci Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım günüdür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, 2-ci Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-i Azərbaycanda Anım günü kimi qeyd olunur.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish