- Baxış sayı: 154
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
İyunun 23-də Bakıda müasir olimpiya hərəkatının yaranması, beynəlxalq olimpiya komitəsinin təsis olunması və milli olimpiya komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə “Beynəlxalq olimpiya günü” keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin əsas məqsədi sağlam həyat tərzinin əhali arasında geniş təşviq etməklə insanları, xüsusən uşaqları və gəncləri olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftəhehdinova, baş katib Azər Əliyev, idman şöbəsinin müdiri Həsənağa Rzayev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, olimpiya çempionları və gənc idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə, idmanın bir çox növlərində Azərbaycan idmançıları öz güclərini göstərib, müxtəlif yarışlarda medallar qazanıb, bayrağımızı ucaldığını deyib. Bildirib ki, onlar Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynayıblar: “İdmançılarımız bizim fəxrlərimizdir. Bu gün bu tədbirdə bizim görkəmli idmançılarımız, olimpiya çempionlarımız iştirak edirlər. Onların bu cür tədbirlərdə iştirakı gənc idmançıları yeni qələbələrə ruhlandıracaq”.
Olimpiya çempionu Fərid Mansurov qeyd edib ki, olimpiya dəyərlərini yeniyetmə və gənc idmançılara ötürmək olimpiyaçıların müqəddəs borcudur. O, tədbirdə iştirak edən gənc idmançıların gələcəyin olimpiya çempionları olacağına ümid etdiyini deyib. “Biz özümüz də yeniyetmə yaşlarımızda bu cür tədbirlərdə, qaçış yarışlarında iştirak etmişik. Bu tədbirlərin keçirilməsi həm də yeniyetmələrin idmana cəlb edilməsi üçün çox vacibdir”.
Tədbirdə çirlidinq, gimnastika, karate və velosiped federasiyalarının gənc idmançılarının nümunəvi çıxışları təqdim olunub. Sonra olimpiya bayramında qaçış yarışları təşkil edilib. Yarışlar 2 nominasiya üzrə – oğlanlar və qızlar arasında keçirilib. Oğlanlar arasında yarışın qalibi Əliağa Novruzov olub. Qızlarda 1-ci yeri Məlikə Məmmədova tutub. Qaliblərə medallar, diplomlar və hədiyyələr təqdim edilib.