Beynəlxalq paralimpiya komitəsinin baş iclasında Ermənistanın təxribat cəhdinin qarşısı alınıb

Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında Ermənistan nümayəndə heyəti Azərbaycana qarşı təxribata cəhd etməyə çalışıb. Allsport.az saytı xəbər verir ki, bunu həmin toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bildirib.

O qeyd edib ki, noyabrın 16-da Berlində keçirilən növbədənkənar Baş Assambleyada Rusiya və Belarus Paralimpiya komitələrinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvlüyündən çıxarılmasının müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü söz alaraq qondarma respublikanın adını dəfələrlə səsləndirib və bildirib ki, Azərbaycan Türkiyənin dəstəyi ilə Ermənistana qarşı şiddət göstərib. Daha sonra erməni nümayəndəsi əsassız olaraq Azərbaycanı işğalçı ölkə adlandırıb və Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvlüyündən çıxarılmasını təklif edib.

Buna cavab olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov söz alaraq bildirib: “Heç kim üçün sirr deyil ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan haqlı olaraq öz torpaqlarını 30 illik erməni işğalından azad edib. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 20 faiz ərazisi işğala məruz qalıb, bir milyon azərbaycanlı öz torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər, 10 minlərlə insan şəhid və əlil olub. Birləşmiş Millətlər Təşkilatın qətnamələrinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirərək işğal edilmiş torpaqları xarabaliğa çevirib. Bu gün Azərbaycanın regionda sülhün bərpa edilməsi üçün işlər gördüyü zaman Ermənistan nümayəndə heyətinin növbədənkənar Baş Assambleyada öz çirkin siyasətini davam etdirməyə cəhd etməsi və Azərbaycana qarşı əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir. Azərbaycan öz torpaqlarını azad edib və heç kimin torpağında gözü yoxdur”.

Sonra Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvlüyündən çıxarılmasının müzakirə mövzusu olmadığını bildirərək müzakirələri dayandırıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish