- Baxış sayı: 26
- 12 Dekabr 2024 13:23
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
Belə bir deyim var: yaxşı qapıçı komandanın yarısıdır. Allsport.az xəbər verir ki, bu deyimin doğru olduğu ukraynalı qapıçı Dmitri Bezotosnının “Qəbələ”dəki inamlı oyununda təsdiqini tapır.
Komandanın ötən mövsümü bürünc mükafatla başa vurmasında və Avropa Liqasında 3 mərhələ keçərək pley-offa vəsiqə qazanmasında 32 yaşlı qolkiperin böyük əməyi var. Dmitri “Qəbələ İK” qəzetinə müsahibəsində “Qəbələ”dəki 6 aylıq çıxışını dəyərləndirib.
– Öncə onu deyim ki, “Qəbələ”nin futbolçusu kimi özümü çox yaxşı hiss edirəm. Bu, nəticələrimizdə də öz təsdiqini tapır. Baş məşqçi Roman Qriqorçukla birgə mübarizəyə fevralda başladıq. Bu 6 ayda qazandığımız nəticələrlə azarkeşlərimizi sevindirdik. Çempionatda bürünc medalçı olduq, Avroliqada isə artıq pley-off mərhələsindəyik. Hesab edirəm ki, bu, “Qəbələ” üçün nəticə baxımından, son hədd deyil. Çempionata yeni start verilib. Qarşımıza yüksək vəzifə qoymuşuq və onu yerinə yetirməyə çalışacağıq.
– “Qəbələ” son 2 mövsümün bürünc medalçısı olduğundan, yəqin ki, yeni çempinatda daha yaxşı nəticə üçün çalışacaq.
– Ötən çempionat göstərdi ki, biz yüksək vəzifələri yerinə yetirə bilən komandayıq. Bu dəfə məqsədimiz daha yüksək yerlərdən birini tutmaq olacaq. İlk turda, “Qarabağ”la matçda yaxşı təsir bağışladıq. Qriqorçuk da oyunumuzdan razı qaldı. Rəqibin çalışdırıcısı da “Qəbələ” haqda xoş sözlər deyib, yaxşı formada olduğumuzu bildirib. Oyundan-oyuna gücümüzü artırırıq və irəli getməyə çalışırıq.
– Karyeranda ilk dəfə legioner kimi medal qazandın. Həm də bunadək çempionatın mükafatçısı olmamışdın.
– Bəli, bu, çempionatda ilk medalım idi. Vətənim Ukraynada kubokun və Superkubokun mükafatçısı olmuşdum. Azərbaycan Premyer Liqasının bürünc medalının mənim üçün xüsusi yeri var. Mükafatı evimdə, qazandığım medalların yanında asmışam.
– “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışının səbəbini nədə görürsən?
– İlk növbədə komanda ruhunda, xarakterində. Bu, meydanda özünü göstərir. Biz mərhələ keçməyi çox istəyirdik və bunun üçün meydanda bütün gücümüzlə oynayırdıq. Ola bilər ki, hər şey heç də biz istədiyimiz kimi alınmır. Ancaq ümumilikdə götürdükdə, layiqli çıxış edirik. Bunun da nəticəsidir ki, hazırda qrup mərhələsinin astanasındayıq.
– Uğurlu çıxışda öz rolun haqqında nə deyə bilərsən?
– Komandanın oyunu alınanda mənə də qapıda dayanmaq asan olur. Bunlar bir-birinə bağlı olan məqamlardır. Kimisə xüsusi fərqləndirmək düzgün olmazdı. Axı mən komandada tək oyunçu deyiləm, kollektivin bir üzvüyəm. Biz nəticəni birgə qazanırıq. Burada hamının əməyi var – texniki heyətdən tutmuş baş məşqçiyədək.
– Avropa Liqasında çıxış edən futbolçu hansı xüsusiyyətlərə malik olmalıdır?
– Bu turnirdə oynamaq təkcə mənə deyil, bütün komanda üçün böyük stimuldur. Fərqi yoxdur, daxili, yoxsa beynəlxalq oyundur, hər bir futbolçu meydançaya öz bacarığını göstərmək üçün çıxmalıdır. Futbolçu başa düşməlidir ki, bu oyunların məsuliyyəti böyükdür. Elə oynamalısan ki, sanki son matçına çıxırsan.
– Komandanın oyunundan başqa, daha hansı amillər sənə qapını toxunulmaz saxlamaqda kömək edir?
– Qapıçılarla işləyən məşqçimiz Andrey Qluşenko, baş məşqçi Roman Qriqorçuk və onun köməkçiləriylə hələ “Çernomorets”dən birgə çalışırıq. Buna görə də “Qəbələ”də özümü rahat hiss edirəm. Yaxşı bilirəm ki, onlar qapıçıdan nə tələb edirlər.
– Azərbaycanda bəyəndiyin qapıçılardan kimlərin adını çəkə bilərsən?
– Ad çəkmək istəmirəm. Onu deyə bilərəm ki, Azərbaycanda yaxşı qapıçılar çoxdur.
– Polşalı həmkarın David Petrkeviç 1 illik fasilədən sonra komandaya qayıtdı. Onunla rəqabət necə gedir?
– İlk gündən çox yaxşı münasibətimiz yaranıb və səylə birgə işləyirik. Hər halda, mənim ona – Petrkeviçə qısqanclığım yoxdur (gülür). Bizim əsas işimiz məşq etməkdir. Qapıçılar arasında rəqabətin olması müsbət haldır. Qapıçı həmişə əsas heyətə düşmək uğrunda mübarizədə rəqabəti hiss etməlidir. Əks təqdirdə güclü qapıçı da olsa, arxayınlaşıb, geriləcəyək.
– “Panatinaikos”u necə dəyərləndirərdin?
– Pley-offda zəif komanda olmur. Güclülərin hamısı buraya kimi irəliləyib. “Panatinaikos” yaxşı, sanballı komandadır. Heyətində təcrübəli, milli komandalarda oynamış futbolçular çoxdur, Yunanıstan yığmasının üzvləri olan perspektivli futbolçuları yetərincədir. Qrup mərhələsinin bir addımlığındayıq. Çalışacağıq ki, son mərhələni də uğurla keçək. Azarkeşlərin dəstəyi ilə bunu gerçəkləşdirəcəyimizə inanıram. Onlar komandamıza çox güclü dəstək verirlər. Fikrimcə, ev oyunumuzda stadion yenə tam dolacaq.
– Ancaq bu dəfə mübarizəyə səfərdə yox, evdə başlayacaqsınız.
– İstənilən halda, komandamız qələbəyə oynayacaq və bu dəfə də evdə qol buraxmamağa çalışacaq. Bir də ki biz “Çernomorets”də ötən il Avropa Liqasının təsnifat mərhələsində mübarizəyə həmişə ev oyunu ilə başlayır, qələbə qazanır və mərhələ keçməyi bacarırdıq.
– Yeri gəlmişkən, həmin matçlardan birini pley-offda, Albaniyanın “Skenderbeu” klubuna qarşı keçirdiniz. Onda penaltilər seriyasında sonra qalib kimi mərhələ adladınız. Həmin oyunu necə xatırlayırsan?
– Çox çətin matçlar oldu. Onda Aleksey Qayın qolu sayəsində ev oyununda 1:0 hesabı ilə qələbə qazandıq. Hərçənd, hesab 3:0 da ola bilərdi. Səfərdə minimal hesabla uduzduq – 0:1. Halbuki, həmin matçda da çoxlu qol vura bilərdik. Sadəcə, top qapıya getmədi. Meydançanın yaxşı vəziyyətdə olmaması da təsirini göstərdi. Nəticədə penaltilərədək dözdük və sonda qalib gəldik.
– 3 zərbədən 2-ni dəf etməklə, qələbəyə böyük töhfə verdin.
– Açığı, penaltiləri sevmirəm. Deməzdim ki, baş ağrısıdır. Hesab edirəm ki, penaltilərin gerçəkləşib-gerçəkləşməməsi daha çox bəxtlə bağlıdır. Bu gün zərbəni qaytardın, ancaq sabah tam əksi ola bilər. Avropa Liqası oyunları zamanı heç vaxt oyunsonrası penaltilərə hazırlaşmamışıq. Hesab etmişik ki, oyunun taleyini əsas vaxtda həll edəcəyik.
– Səncə, “Panatinaikos”un favorit kimi təqdim edilməsi rəqibin şanslarını artırır, yoxsa…
– Futbolda məşhur deyim var – meydança düz, top yumrudur. Kim rəqibin səhvindən, yaxud ələ düşən şansdan istifadə edəcək, o da qalib gələcək. Fikrimcə, “Panatinaikos”la oyunlarda kim daha çox topa sahib olub, hücum edəcəksə, o da qalib gələcək. Əminəm ki, biz komanda olaraq, yenə xarakterimizi göstərəcək və son saniyələrədək mübarizə aparacağıq.