Cüdo hakimlərimiz fəryad edir, GİN və MOK-dan imdad diləyirlər. ACF bu işdə AGF-dən çox geri qalır

Azərbaycan cüdo hakimliyində gərginlik davam edir. Vəziyyət dözülməz həddə çatıb. Bu barədə allsport.az saytına çoxsaylı şikayətlər daxil olub. Çatışmamazlıqların, nöqsanların, yasaqların, süründürməçiliyin, haqsızlığın və əngəllərin ardı-arası kəsilmir. Referilərin ümidi gənclər və idman nazirliyi ilə milli olimpiya komitəsinədir. ACF-in baş katibi Rəşad Rəsulludan artıq əllərini üzüblər. Ona müraciət edildikdə, bu məsələyə qarışmadığını və guya bunda imkansız olduğunu deyir. Halbuki federasiyanın prezidenti Rəşad Nəbiyev öz görüşlərində bildirib ki, bütün icraçılığı ona həvalə edib. Gerçəkdə durum necədir? Mənzərəni olduğu kimi anladıram. Yeri gəlmişkən, Paris-2024-də qazanılan 2 qızıl medalla ACF ən yüksək əyarda AGF-i haqladığından (hesab 4:4-dür), bu birliklər nəticə etibarı ilə digərləri üstələdiyindən, sözü gedən mövzuda müqayisələr aparmışam.

Ölkəmizdə cüdo üzrə cəmi 10 beynəlxalq hakim var: bunlardan 5-i “A” – Nazim Umbayev (8.0), Fariz Hüseynov (7.3), Akif Tahirov (7.0), Arzu Acalova (7.0), Rəşad Əliyev (6.8), digər yarısı – Məhəmmədəli Quluzadə (6.8), Ülvi Əliyev (6.4), Mehman İmamquliyev (6.3), Pərviz Hüseynov (6.2) və Bəhriyyə Hüseynova (6.2) “B” kateqoriyalıdır. Azərbaycan güləş federasiyasından fərqli, cüdo federasiyasında ədalət təmsilçilərinin səfər xərclərinin heç də hamısı qarşılamır – onlar öz hesablarına hərəkət edirlər. Amma hər zaman istəklərinə nail ola bilmirlər. Bu o anlama gəlməsin ki, imtahandan keçmirlər, sadəcə, yola düşməyə 1-2 qalmış ACF-dən həmin hakimlərə qadağa qoyurlar. Belədə, onların aldıqları bilet də yararsız olur və 1000-1500 manat civarında ziyana düşürlər.

İç yarışlara bölgüdə də ədalət qorunmur. Beynəlxalq kateqoriyalı referilərdən Nazim Umbayev, Fariz Hüseynov, Ülvi Əliyev kənarda saxlanılırlar. Halbuki güləş üzrə ölkə çempionatları və bölgələrdə seçim yarışlarında yüksək satuslulara üstünlük verilir. Mübahisə və söz-söhbət yaranması deyə, hətta son zamanlar Azərbaycan çempionatlarına təcrübəli əcnəbi hakimləri dəvət edilirlər. Cüdoda isə, kim “arzuolunmaz şəxs”ə yaxındır və ya təbəssümlə ona “salam” verib, rəhbərliyin “qara siyahısı”na düşürlər. Yurd dışında bu sahənin nüfuzunu və çəkisini artırmaq yerinə, sosial şəbəkələrdə “bəyənmə” edənlərə irad bildirərək ucuz siyasət yürüdürlər; onların beynəlxalq statuslarını itirmələri üçün dəridən-qabıqdan çıxırlar.

Dərəcəsi olmayanlardan ən çox İslam Nəcəfqulevi incidirlər. O, Aprel döyüşləri və 2-ci Vətən müharibəsi qazisidir. Ümumiyyətlə, bu savaşda yüzlərlə cüdoçu torpaqlarımızın azad olunmasında döyüşüblər və canlarından keçiblər. Yeni rəhbərlik bəzi həssas məsələləri lazımınca dəyərləndirmir. Bu arada, 3-4 mayda Qubada yeniyetmələrin Avropa kuboku keçiriləcək. Hakimlər bölgünün düzgün və ədalətli aparılmamasından, beynəlxalq kateqoriyalılara az yer verilməsindən gileylənirlər. ACF-in rəsmi saytında (judo.az) referilərin siyahısının köhnəlmiş olması verilən qiymətin nümunəsidir (növbəti, “Paris-2024-də möhtəşəm qələbənin əsas memarları kimlərdir?” yazısı artıq həmin şəxs(lər)in adlarının açıqlanmasını tələb edir).

Nəzərinizə çatdırım ki, hazırda güləş üzrə 23 beynəlxalq hakim var. Onlardan 2-si olimpiya, 9-u 1-ci, 6-sı 2-ci, 6-sı 3-cü və 13-ü milli dərəcəlidir. Sovetlərdən bu yana 5 təmsilçimiz – Məkan Zalov (2 dəfə), Oqtay Hüseynov (2 dəfə), Hicran Şərifov (3 dəfə), Əjdər Cəfərov (1 dəfə) və Asif Şirəliyev (2 dəfə) yay olimpiya oyunlarını idarə ediblər. Bu göstəricidə güləş digər idman növlərimizi qabaqlayır. AGF-də baş katib Nəsimi Musayevin qəbulunda heç bir maneə yoxdur. Hakimlər kollegiyasının sədri Qərib Əliyev həmkarlarını sıxmır, incitmir. Bu növdə yarış bölgüsü ədalətlədir. Kiməsə az səfər düşəndə və o öz narazılığını bildirəndə onunla kin saxlanılmır, gələcək mövsümdə istəyi nəzərə alınır. Dünya güləş birliyinin hakimlər komissiyasının üzvləri ilə münasibət qurmaqda sərbəstlikdir. Hər səfərdə referilərə 200 dollar xərclik verilir. Yaxın gələcəkdə beynəlxalq hakimlərin sayının artacağı gözlənilir. Bir zamanlar olimpiya kateqoriyalı 4 azərbaycanlı olub. Bu istiqamətdə yenidən iş aparılır. Los Anceles-2028-də yeni adların olması istisna deyil. Artıq federasiyada proses başlayıb.

Hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla, inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli getmək ondan da mürəkkəb işdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq toxumu gizlədir. Geri qalmamaq, sürətli inkişaf üçün vahid ailə fəaliyyəti gərəkir. Verilən qərarların obyektiv reallığını görmək üçün ədalətlə və vicdanla çalışmaq, qərəzsiz, kin və qəddarlıq nümayiş etdirməmək, yerli məşqçiləri və hakimləri aşağılamamaq lazımdır.

Kamran HACI

Həmin kateqoriyadan