Elektron idman növləri federasiyasında yeni prezident seçildi

Azərbaycan elektron idman növləri federasiyası ictimai birliyinin ümumi yığıncağı keçirilib.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə federasiya prezidenti Adil Mahmudov çıxış edərək tarixi gənc olan idman növü haqqında məlumat verib, keçirilmiş yarışlar haqqında danışıb. Bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan elektron idman növləri federasiyasının icraiyyə komitəsinə yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Oqtay Qasımzadə federasiyasının prezidenti, Siyavuş Hüseynov vitse-prezidenti, Hadı Rəcəbli, Ramin Əliyev və Məmməd Əlizadə idarə heyətinin üzvləri seçiliblər. Daha sonra nəzarət təftiş komitəsinə seçkilər keçirilib. Ənvər Hüseynov sədr, Fərid Azayev və Adil Mahmudov isə üzv seçiliblər. Sonda Oqtay Qasımzadə çıxış edərək göstərilən etimada görə təşəkkür edib.

Həmin kateqoriyadan