Fərid Qayıbov idman federasiyalarına güzəştə getdi və uğursuzluğu uğur kimi qiymətləndirdi

Dekabrın 26-da gənclər və idman nazirliyi ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. “Buta” sarayında təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Təqvim ili münasibətilə təbrik edən nazir, 2023-cü ilin idmanımız üçün daha uğurlu olacağına ümidvar olduğunu bildirib.

Ayın 28-də isə, AGİN il ərzində idmançıların qitə və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə qazandıqları medalların sayını açıqlayıb. Ümumilikdə 837 mükafat öz sahibini tapıb. Bunun 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür.

Allsport.az saytı kiçik araşdırma aparıb. Məlum olub ki, bu il olimpiya idman növlərində böyüklərdə cəmi 1 dünya çempionluğu sevinci yaşanıb. Onu da yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) qeyri-olimpiya çəkisində qazanıb. 2022-ci il ərzində Azərbaycan idmançılarından yalnız 3 nəfər finala çıxa bilib. Yunan-Roma güləşçisi Ülvü Qənizadənin (72 kq) də nailiyyəti qeyri-olimpiya çəkisində olub. İdman nazirliyi tək qılıncoynamada, Rusiya əsilli sablyaçı Anna Baştanın gümüş medalı ilə öyünə bilər. Bu növ olimpiya proqramına daxildir. Güllə atıcısı Ruslan Lunyovun 25 metr məsafəyə cəld atışda qazandığı gümüş mükafat da “dördillik”də yoxdur. Digər 9 medal bürüncdür: güləş (5), cüdo (2), güllə atıcılığı (1), gimnsatika (1). Onun 5-i qeyri-olimpiya proqramının payına düşür.

Bu il şimalda baş verən savaş üzündən Rusiya və Belarusun idman yarışlarından kənar qaldığı, Ukraynanın yarıcan olduğu bir dönəmdə bu nəticə çox aşağıdır! Nəzərinizə çatdıraq ki, keçmiş gənclər idman naziri Azad Rəhimovun zamanında belə qeyri-qənaətbəxşlik heç vaxt olmayıb. Halbuki adlarını çəkdiyim postsovet ölkələri 2022-ci ili çıxmaq şərti ilə, daim əsas rəqiblərimizdən olublar. Mərhum dövlət məmurunun komandasının uğurlu fəaliyyəti sayəsində Odlar yurdu idman meydanlarında saysız-gehabsız rekordlar ediblər.

Əvəzində, bu il şəkillərin çəkilməsi, əyləncə, görüntünün yaradılması və məddahlığın səviyyəsi yüksək olub. GİN-in istiqaməti bunun üzərində qoyması ilin kəşfidir. Azərbaycan idman jurnalistləri assosiasiyası ola-ola, nazirliyin təşkilatçılığı ilə Azərbaycan idman jurnalistləri ictimai birliyinin yaradılması məkrli planın əsas hissəsidir. Federasiyalardan bu yöndə haqqın yolunu tapan ACF oldu. Təbliğata önəm verən, Avropa çempionatında 1 qızıl, 2 bürünc, dünya çempionatında 2 bürüncə yetişən, dost idman mediasını səfərlərə ezam edən, jurnalst müsaqabiqəsi keçirən, çəkindiklərinin başını “saqqız”la aldadaraq, sonda “İlin idman federasiyası” seçildi. Əslində, buna AGF layiq idi (nominasiyada 3-cü). Güləşçilər qitə çempionatında 16 medal (3 qızıl, 6 gümüş, 7 bürünc), dünya çempionatında 7 medal (1 qızıl, 1 gümüş, 5 bürünc) qazanıblar. U-23 qitə birinciliyində və Avropa çempionatında yüksək nəticəyə görə ölkə başçısı İlham Əliyev 2 dəfə milli komandaları qəbul etdi.

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır. Qarşıdakı idman mövsümü Paris olimpiadasına ərəfədir. Bu, gənclər və idman nazirliyinin yeni rəhbərliyi üçün ciddi dövrüdür. Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Əsas mtahan məqamı isə 26 iyul – 11 avqustda qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, Paris-2024 deyəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish