Fikirdə, işdə, əməldə birlik

Xəyal öz gələcəyini quranları ya uçuruma sürükləyir, ya da zirvəyə qaldırır. Yüksək zirvəni fəth etmək üçün, sadəcə, bu yolda inamla və istəklə addımlamaq kifayətdir. Son dönəmdə şahid olduğumuz ən böyük həqiqət, Azərbaycan cüdosunun yüksək sürətlə inkişaf etməsidir. Onun yüksəliş yolunda xəyal və güclərini idman sevgisində birləşdirən ACF prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Sadıq Sadıqovun səylərini inkar etmək olmaz. Axır zamanlar, hər kəsin həyəcanla gözlədiyi yarışlarda ard-arda qazanılan uğurlar, bunun bir daha bünövrəsini qoyub. Tatami ustalarımızın kifayət qədər potensiallı olmaları və üzümüzü dünya arenalarında sevindirmələri təbii ki, bizlərin zəfər nişanəsidir. Qələbə üçün dəqiqlik, etibarlılıq, özünəgüvənliliyin və xeyirxahlığın olması, ən başlıca vasitədir. Bütün bu keyfiyyətləri özündə cəmləşdirən ACF artıq öz ətrafına paralimpiyaçıların sevgisini də əlavə edib.

Azərbaycan cüdosu son 4 ildə demək olar, yeni dirçəliş, yaranış dövrünü yaşayır.Böyük uğurlar qanadında tatami ustalarımız idman tarixində qələbələri təzələyirlər. Müxtəlif yaş qrupları üzrə milli komandalarımızın iştirak etdiyi bütün mötəbər yarışlarda yeni səhifələrin açılmasında, sözsüz, klub və cəmiyyətlərdə çalışan məşqçilərin əməyi əvəzlunmazdır. Bahadırlar yurdu Azərbaycanda həmişə boy-buxunlu yeniyetmələr olub. Amma iş bununla bitmir. Onlara tutaşmanın incəliklərini öyrədən müəllimlərə ehtiyacı var.

Söhbət idmanın kütləviliyindən gedirsə, əyalətlər, ən ucqar yaşayış məskənləri də diqqət mərkəzinə gəlir. Elə bunu nəzərə alan ACF əsas gücü bölgələrə yönəldir. 2015-ci ildə keçirilmiş konfransda cüdonun gələcək strategiyasına aydınlıq gələrkən, bu məqsədlə regionlar üzrə nümayəndəliyin yaradılması sözü gedən işə start verilməsi demək idi.

Kütləviliyi təmin etmək, inkişafa nail olmaq üçün isə, ilk növbədə, idmanın maddi-texniki bazası möhkəmləndirilməli, həm paytaxtda, həm də əyalətlərdə yeniyetmə-gənclərin idmanla məşğulluğu üçün müasir tələblərə uyğun şərait yaradılmalıdır. Elə milli olimpiya komitəsinin prezidenti olaraq İlham Əliyevin fəaliyyətində də bu amil öz əksini tapmışdır. Ölkəmizin hər bir bölgəsində idmanın inkişafı üçün yüksək şəraitin yaradılmasını öz qarşısına məqsəd qoymuş və ötən 22 ildə buna nail olmuş cənab prezident gənc nəslin sağlam böyüməsinə bundan sonra da qayğı göstərəcəyini bəyan edib.

Əyalətlərdə cüdo zallarının tikilməsi, bərpası və təmirinə diqqət yetirən, həmin idman qurğularını müasir avadanlıqlarla təmin edən federasiya rəhbərliyi, həmçinin, sovet dövründə mövcud olmuş idman – istirahət düşərgələrinin, eləcə də idman təmayüllü məktəblərin bərpasına çalışır. Digər məqsəd tədris ocaqlarında idman bazalarının yaradılması, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş internatlarda cüdoçuların yaşaması, məşq etməsi və pulsuz qidalanmasıdır.

Abdullayev-Sadıqov tandemi ölkə idmanının döyünən ürəyidir. Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirən bu 2 şəxsi bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Əslində, Rövnəq bəyin nə futbolu, nə də cüdonu dərin bilməsinə ehtiyac yoxdur. Əsas vəzifəsi bu 2 təşkilatı maddi təmin etməkdir. Onun başlıca görəvi dövlət neft şirkətindədir ki, orda öz vəzifəsinin öhdəsindən gəlməsəydi, 2005-ci ildən bu günə kimi prezident qalmazdı. Paxıl insanların Sadıq bəy barəsində dedi-qodusuna gəlincə, «Neftçi» klubunun ondan sonrakı dönəmini görmək kifayət edir.  

Bakı olimpiya stadionunda millinin təlim-məşq bazası, müxtəlif yaş qrupları üzrə komandaların yarış təcrübələrini artırmaq məqsədi ilə səfərlərin sayının çoxalması, «Böyük dəbilqə» yarışının keçirilməsi ilə anlaşmanın müddətinin 4 il uzadılması və ilk dəfə Odlar yurdunda dünya çempionatıın təşkili də bu iki şəxslə bağlıdır.

Deyirlər, xəyal qurmaqdan çəkinmək olmaz, çünki o özü həqiqətən gerçəklikdən qüvvətlidir. Bunu arzusuna çatmaq, hədəfləri gerçəkləşdirmək üçün ən çətin yolu belə seçməkdən çəkinməyən bu 2 idman adamının timsalında aydın görmək olar. Üstəlik, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı isə qarşıdakı 1 ildə də qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2020-ci ildə yetişəcək Tokio oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası zirvələr də.

Kamran HACI

Həmin kateqoriyadan