Firdovsi Umudov: Azərbaycan idmanına növündən asılı olmayaraq daim dəstək olacağam

“Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudovun təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” olimpiya idman kompleksinin idman bölməsinin rəisi yeni vəzifəsindən danışıb. O, Azərbaycan idmanına növündən asılı olmayaraq daim dəstək olacağını, uğur üçün əlindən gələni edəcəyini bildirib:

“Hər kəsə təşəkkür edirəm, mənə göstərilən etimada görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdaram. Komanda ilə bağlı böyük planlarımız var. Əvvəllər böyük uğurlarımız əsasən təkbətək idman növlərində daha çox idisə, sonra komanda idman növlərində də böyük nailiyyətlər əldə edildi. “Azərreyl”, “Rabitə”, “Qarabağ” klublarının böyük uğurları və onların ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilməsinin timsalında idmana dövlət qayğısının necə yüksək olması kimsəyə sirr deyil.

Ölkə rəhbərliyinin idmana qayğısının nəticəsidir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzi kimi bazamız var və burada təkcə voleybol deyil, digər idman növlərinin də inkişafı üçün maddi-texniki baza yaradılıb. Hazırda “Sərhədçi”nin kişilərdən ibarət komandası superliqada mübarizə aparır və gənc komanda üçün bu artıq böyük uğurdur. İdmana yad adam deyiləm və birlikdə böyük uğurlara imza atacağımıza inamıram. Bu yaxınlarda federasiya prezidenti Cavid Qurbanov və 1-ci vitse-prezident Faiq Qarayevlə görüşərək gələcək planlarımızı müzakirə etmişik. Gələcəkdə beynəlxalq arenalarda uğur qazanıb voleybolumuza töhfə verəcək, ölkəmizin bayrağını yüksəklərə qaldıracağıq.

Hər şeyi federasiyasının üzərinə yükləmək olmaz. Biz şirkətləri, sponsorları idmana dəstək üçün cəlb etməliyik. Azərbaycanın dünya və Avropa, Olimpiya çempionları var. Niyə komanda idman növlərində də davamlı uğurlar olmasın? Nizam-intizam olan yerdə nəticə də gələcək. Biz “Sərhədçi” İdman Olimpiya Mərkəzində olan şəraitdən istifadə etməliyik. Komandamız gəncdir, gələcəyə ümid verir və əsas istəyimiz müxtəlif yaş qrupları üzrə milli komandalara layiqli idmançılar yetişdirməkdir”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish