Formula-1 rəhbəri: Sprint formatı yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaq

Formula-1 qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikali gələn il sprint yarışları ilə bağlı fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, mübarizənin ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacağını qeyd edib:

“Biz Formula-1 sprint yarışının keçirildiyi son iki il ərzində azarkeşlərdən çox müsbət rəy almışıq. Növbəti mövsümdə altı sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Bu yarışlar üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır. Həmçinin, inanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza – Formula 1 komandalarına, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaq”.

Formula-1 yeni mövsümün sprint yarışlarını açıqlayıb. Ötən il keçirilmiş üç sprint yarışının sayı ikiqat artaraq, 2023-cü il mövsümündə altıya çatıb. Təqvimin ilk sprint yarışı Formula-1 Azərbaycan qran prisi çərçivəsində Bakıda, aprelin 28-30-da baş tutacaq. İyunun 30-dan iyulun 2-dək Avstriya, iyulun 28-30-da Belçika, oktyabrın 6-8-də Qətər, 20-22-də ABŞ, noyabrın 3-5-də Braziliya Qran-priləri təşkil olunacaq.

Sprint yarışları ötmələrin və yüksək sürətli həmlələrin əlverişli olduğu treklərdə keçirilir və xüsusi dramatikliyi ilə yadda qalaraq geniş azarkeş auditoriyası cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı da bu sıradadır.

Sprint yarışı cümə günü keçirilən sıralanma turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı sprint yarışı şənbə günü, aprelin 29-na təsadüf edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish