Fransada qran-pri turnirində iştirak etdilər

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Fransanın Orlean şəhərində keçirilən qran-pri turnirində çıxışlarını başa vurublar.

Allsport.az xəbər verir ki, təmsilçilərimizdən şəxsi yarışlarda ən yaxşı göstərici Anna Baştaya məxsusdur.

Turnirin 16 ən yüksək reytinqə malik qadın sablyaçısı sırasında qərarlaşan Başta mübarizəyə əsas mərhələdən başlayıb. Bu mərhələdə təmsilçimiz rəqibi digər qadın sablyaçımız, qrup mərhələsini 4 qələbə ilə başa vuraraq 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə belçikalı Jolien Korteyni 15:10 hesabı ilə məğlub edən Səbinə Kərimova olub. Görüş Baştanın 15:6 hesablı qələbəsi ilə başa çatıb. İdmançımız Macarıstan idmançısı Luca Laszloya da eyni hesabla qalib gələrək adını ən güclü 16 idmançı sırasına yazdırıb. Səkkizdəbir finalda rusiyalı Svetlana Şevelevaya 14:15 hesabı ilə uduzan A.Başta yekun sıralamada 160-dan çox iştirakçı arasında 12-ci olub.

Qrupda 2 qələbəsi olan Valeriya Bolşakova 64-lüyə yüksəlmək üçün keçirilən görüşlərdə Ayaka Mukae (Yaponiya) və Fanni Potz-Nagini (Macarıstan) müvafiq olaraq 15:13 və 15:14 hesabı ilə məğlub edib. V.Bolşakova turnirin əsas mərhələsində keçirdiyi ilk görüşdə macarıstanlı Liza Pusztaiyə 8:15 hesabı ilə uduzub.

Qrupu 3 qələbə ilə başa vuran Sevil Bünyatova isə 64-lüyə yüksəlmək uğrunda keçirilən ilk görüşdə kanadalı Tamar Qordona 10:15 hesabı ilə uduzub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish